Vaxt.Az

BNA məlumatları beynəlxalq sistemdən silindi


 

Qlobal xəritələrdən informasiyaların yığışdırılması ölkəmiz üçün arzuolunan deyil

BNA məlumatları beynəlxalq sistemdən silindi Xeyli müddətdir ki, “Google Maps” resursunda Azərbaycanın ictimai nəqliyyat sistemi ilə bağlı məlumatların silinəcəyi haqqında məlumatlar verilirdi. Bununla bağlı uzun illər bu işlə könüllü məşğul olan “Transit For Baku” (TFB) qrupu məlumat açıqlamışdı.

Ötən ayın əvvəli bu problemlə bağlı yazmışdım.

Artıq bu məlumatlar “Google Maps”dən yığışdırılıb. Bu tip məlumatlar hazırda yalnız Bakı Nəqliyyat Agentliyinin (BNA) alo141.az saytında və mobil versiyada mövcuddur.

Düşünmək olar ki, TFB könüllü qurumu zəruri məlumatları emal oluna biləcək səviyyədə BNA-dan əldə etməkdə çətinlik çəkirlər.

Digər üsullarla bu məlumatları əldə edib yenidən emal edərək “Google” resursuna inteqrasiya etmək isə təbii ki əlavə  resurslar tələb edir. Görünür ki, qurumun BNA ilə partnyorluğunda problemlər yaranıb.

Əlbəttə, qlobal xəritələrdən bu tip məlumatların yığışdırılması ölkəmiz üçün arzuolunan deyil.

Gərək BNA zamanında bu məsələyə reaksiya verəydi ki, məlumatlar silinəcək səviyyəyə çatmayaydı.

Azərbaycanın ictimai nəqliyyat məlumatlarının “Google Maps” üzərindən verilməsinin davam etdirilməsi üçün BNA tez bir zamanda aşağıdakı variantlardan birində seçim etməlidir:

1. BNA bir çox ölkələrdə olduğu kimi  ictimai əhəmiyyət kəsb edən  məlumatları özü “Google Maps”a təqdim etməlidir. Bunun üçün qurum “Google” şirkəti ilə əməkdaşlıq etməli və xidməti təqdim edən strukturlarla partnyorluq müqaviləsi imzalamalıdır.

2. BNA “Transit For Baku” könüllü komandası ilə müqavilə imzalamalı, adı çəkilən məlumatların emal oluna biləcək səviyyədə TFB qurumuna verilməsi təmin edilməlidir.

Yeri gəlmişkən, əslində bu tip  problem digər dövlət qurumlarına da xasdır.

Söhbət  açıq məlumatlardan, emal oluna biləcək səviyyədə məlumatların dövlət qurumları tərəfindən açıqlanmasından gedir.

Məsələn, BNA hansısa marşrut dəyişikliyini, hansısa xəbərin və ya press-relizin içərisində deyil, emal oluna biləcək səviyyədə açıqlamalıdır.

Təəssüf ki, bizdə hələlik “Açıq Məlumatlar haqqında” Qanun da qəbul edilməyib.

Hansı ki, bu qanun, o cümlədən, Açıq məlumatlar portalı (opendata.az) Açıq Hökumətin əsas tərkib hissəsidir. Bu portalda isə hələlik çox “kasıbcalıqdır”.

Hələlik dövlət qurumları da, güman ki zəruri resurslar ayrılmadığından, məlumatları emal oluna biləcək səviyyəyə gətirmək və onu açıqlamaq işinə elə könüllü kimi yanaşırlar.

 





10.05.2022    çap et  çap et