Vaxt.Az

Etirazçılar İrəvan meriyasının qapılarını kəsib


 

Robert Köçəryanın oğlu Levon da aksiyalara qoşulub, saxlanılanlar var

Etirazçılar İrəvan meriyasının qapılarını kəsib Ermənistanda müxalifətin “Müqavimət” hərəkatının tərəfdarları Yerevan meriyasının bütün 4 girişini bağlayıblar. Meriyanın qarşısına polis qüvvələri gətirilib. Polis etirazçılara hökumət binalarının bloklanmasının qanuna zidd olduğu barədə xəbərdarlıq edib. Lakin etiraz edənlər bu xəbərdarlığa məhəl qoymayıblar.

Etiraz aksiyalarının əsas liderlərindən biri, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan polisin tələbinə cavab olaraq deyib ki, Nikol Paşinyan müxalifətdə olanda ona hökumət binalarını bloklamaq icazəsi verilirdi.

İş vaxtı başa çatsa da əməkdaşlar binadan çıxa bilməyiblər.

İşxan Saqatelyan deyib: “Ermənistanda hakimiyyət yoxdur. Biz istəsək binanı bloklayarıq. Siz əsirsiniz, sizi xilas etmək lazımdır”.

Saqatelyan İrəvandakı Fransa meydanında deyib ki, etiraz aksiyası Sayat-Nova və Abovyan küçələrində keçirilməliydi.

***

Ermənistan müxalifəti paytaxtın kənarlarından avtoyürüşə başlayıb. İştirakçıların jurnalistlərə dediyinə görə, məqsəd vətəndaşları itaətsizlik aksiyaları haqda bilgiləndirmək, onları etirazlara qoşulmağa çağırmaqdır. Avtokarvanı polis maşınları müşayiət edir, tədbir dinc şəraitdə keçir.

Müxalifət tərəfdarları artıq ikinci həftədir küçələrə çıxaraq hakimiyyətin dəyişməsini tələb edirlər. Dünənki (10 may), daha öncəki aksiyalar insidentsiz keçməyib. Polis gücdən istifadə edib, onlarla etirazçı saxlanıb.

***

Ermənistanda hakimiyyətin istefasını tələb edən müxalifət bu gün – mayın 10-da günortadan sonra paytaxtın dörd rayonunda yürüşlərə başlayıb. Eyni zamanda itaətsizlik aksiyaları keçirilir. Etirazçılar periodik olaraq yolları bağlayır, polis isə cavabında onları saxlayır.

***

Malatiya-Sebastiya inzibati rayonundan başlamış yürüşü “Ayastan” müxalifət fraksiyasından deputatlar Aram Vardevanyan və Qeqam Manukyan müşayiət edirlər. Yürüşdə Ermənistanın ikinci prezidenti, “Ayastan” blokunun başçısı Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edir.

Polisin digər etirazçı qrupa qarşı zor tətbiq etdiyini və onları saxlamağa çalışdığını eşidən fəallar yolu tam bağlamağa qərar veriblər, amma bir neçə dəqiqədən sonra açıblar.

Şenqavit rayonunda isə yolu bağlamaq istəyən etirazçılara polis mane olub. Hazırda paytaxtın müxtəlif rayonlarında 61 nəfərin saxlanıb.

Ermənistanda müxalifət aprelin sonundan Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət hakimiyyəti Dağlıq Qarabağ məsələsində güzəştə, onu Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olmaqda suçlayır.

***

Mayın 1-də müxalifət “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib. Ötən həftənin əvvəlindən müxalifət tərəfdarları Yerevanda, eləcə də digər şəhərlərdə vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.

“Ayastan” fraksiyasından deputat İşxan Saqatelyan dünən axşam Fransa meydanında mitinqdə hakimiyyətin istefasından sonra müxalifətin fəaliyyət planını təqdim edib. O deyib ki, hakimiyyət gedəndən sonra milli razılıq hökuməti formalaşdırılacaq. O, özəlliklə Dağlıq Qarabağın Azərbaycanın tərkibində istənilən statusunun istisna olunduğunu, Ermənistanın və Qarabağın təhlükəsizliyini gücləndirməyin gərəkdiyini vurğulayıb.

Hakimiyyət isə müxalifətin tənqidini rədd edərək bildirir ki, Dağlıq Qarabağda ermənilərin hüquqları və statusu Azərbaycanla sülh danışıqlarının tərkib hissəsi olacaq. Ötən həftə parlamentdə çıxış edən Baş nazir Nikol Paşinyan istefasıyla bağlı müxalifətin tələblərini rədd edib. Hakimiyyət təmsilçilərinin arqumentinə görə, müxalifətin etirazları və tələblərini əhalinin geniş təbəqələri dəstəkləmir.

 





12.05.2022    çap et  çap et