Vaxt.Az

Rusiyanın aqibəti...


 

“Belovejki Puşa”nın son iştirakçısı da öldü

Rusiyanın aqibəti... Sovetlərin dağılması neçə mərhələdə baş verdi, ilk olaraq 1984-1991-ci illər idi. 1991-də “Belovejki Puşa”nın Yeltsindən sonrakı iştirakçıları – Stanislav Şuşkeviç və Ukraynanın ilk prezidenti Leonid Kravçuk bu günlərdə dünyalarını dəyişdilər.

Amma onların xatirələri qaldı, konkret Kravçuk xatirələrində deyir ki, Ukraynanın suverenliyi müqabilində Kiyev Moskvaya Krımı və Dnepr çayının az qala bütün sol sahilini verməyə də hazır imiş. Amma “Belovejski Puşa”da Boris Yeltsinin o zaman hələ də Kremldə oturmuş müqəvva Qorbaçovu yıxmaq üçün hər şeyə hazır olduğunu görüb şoka düşübmüş. O, heç bir təfərrüatları müzakirə etmədən sadəcə sovetlərin dağılması barədə sənədi imzalamağı təklif edəndə isə daha da təəccüblənib, dəfələrlə heç olmazsa Krım barədə təkid etsə də, Yeltsini bunu əsla maraqlandırmadığını görüb. Burada qeyd edək ki, həmin dövrdə Qərb SSRİ-nin dövlət kimi dağılmasını əsla istəmirdi, bundan doğacaq xaos onu qorxudurdu. (Yeri gəlmiş o zamankı “kollektiv qərb” (konkret ABŞ-Böyük Britaniya-Fransa) Almaniyanın birləşməsini də əsla arzulamırdı, sadəcə qarşısını ala bilmədiyi proses idi, amma bu başqa mövzudur).

İllər öncə Putiinin bildirdiyi “XX əsrin ən böyük geosiyasi fəlakəti Sovet İttifaqının dağılmasıdır” ifadəsi sonradan Kremlin həm Ukrayna, həm də bütün başqa postsovet məkanı ölkələrinə iddiasının legitimliyini təşkil edəcəkdi. Hərçənd ki, bunu nə az, nə çox, məhz onun sələfi Yeltsin etmişdi.

İndi də Putin özü bu prosesin ardını çox uğurla apardı. Dünya tarixində görünməmiş bir rəzalətə əl atmaqla öz qəbrini qazdı, bu yaxınlarda – 9 mayda isə açıq-aşkar “canlı meyiti” xatırladırdı bu kölgə. Özünü onunla identifikasiya edənlərə sadəcə acıyıram. Məğlub olmaq başqa, Rusiyanın bundan sonra özünü doğruldacaq hər hansı bir mənəvi apellyasiyası mümkünsüzdür. 

Bu ölkə, əgər demontaj edilməyəcəksə, sıfırdan yenidən yığılmalıdır, eynən Almaniya kimi. Amma daha onun üçün 1991-ci ildə edilən, bəlkə “Marshall plan”ına yaxın qədər olan yardımlar edilməyəcək. O bitdi daha. Heç bir rusiyalı liderə 30 il əvvəl Yeltsinə güzəşt olunan “carte-blanche” da (kart-blanş) verilməyəcək. Bitdi o işlər. Yalnız sərt ritorika, sanksiyalardan çıxış isə uzun illər davam edə bilər.

 





13.05.2022    çap et  çap et