Vaxt.Az

General Başbuğ kimi çıxdı


 

26-cı komutanın 26 aylıq məhbəs həyatı

General Başbuğ kimi çıxdı Türkiyəli general İlkər Başbuğun həbsdən çıxdıqdan sonra telekameralar önündə keçirdiyi brifinq çox maraqlıydı.


Adam gerçəkdən ərdəmli, dəyanətli generalmış. Əsl general belə olar. Demək ki, Mustafa Kamal paşanın, Kazım Qarabəkir paşanın, Nuru paşanın yurdu boş qalmayıb. 

Türkiyə ordusunun 26-cı baş qərargah rəisi Başbuğ 26 ay boyunca yaşadığı iztirablara baxmayaraq vüqarlıydı, əfəndiliyini, emosiyalarını qoruyurdu. 

Yalnız bir-iki məqamda onun sifətindən duyğusallaşmağa eyham ola biləcək kölgələr keçdi. Bu da 26 aylıq həbsi zamanı ailə üzvlərinin yaşadığı iztirablar və məhbəsdə qalan silahdaşları barəsində danışarkən oldu. Ancaq ordu generalı dərhal özünü toparladı. 

Başbuğ günahsızlığını əmin bir tövrdə xalqa duyurdu və bildirdi ki, bu gün burada, azadlıqda olmasının əsas səbəbi xalqın, azad medianın onun barəsindəki iftiralara inanmaması olub. 

Generalın onu qisasçılıq motivi ilə həbs edərək 26 ay azadlıqdan məhrum edənlərə qarşı dilə gətirdiyi ifadə də bir ərdəmli generala yaraşan sözlər idi. Başbuğ dedi: «İçimdə nifrət və intiqam hissi yoxdur».

Bununla belə, o, uzun illərdən bəri günahsız hərbçiləri qurama «çevrilişə cəhd», «terror təşkilatı yaratmaq» iddiaları ilə məhbəsdə saxlayan insanların qanun qarşısında cavab verəcəklərini də vurğuladı.

Bu, o anlama gəlir ki, Başbuğ ona pislik edənlərdən şəxsən qisas almaq fikrində olmasa da, xalqa, yüzlərlə adama iztirab yaşadan vəzifəli şəxslərin cəzasız buraxılmasını da istəmir. 

Gerçəkdən də «Ergenekon» davasını lap başından bəri izləyənlər heyrətlər içindəydi. Çox sayda müttəhimlərin əleyhinə bir dəlil belə yox idi, onlar yalnız yaramazlıqlarına görə ordudan qovulmuş bir nəfərin saxta ifadəsi əsasında tutulmuşdular və həbsdə yatırdılar. 

Başbuğun özü isə «terror təşkilatı qurmaq»da ittiham olunurdu. O da, vəkilləri də, media da bu ittihamı lap əvvəldən gülüşlə qarşılayırdı. Çünki Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi olmaq ölkənin faktiki olaraq üçüncü böyük vəzifəsini tutmaq demək idi. Hətta Türkiyədə formalaşmış bir ənənəyə görə bu vəzifənin yiyəsi ölkənin prezidentinin, baş nazirinin kim olmasını bəliləyəcək qədər geniş nüfuza, səlahiyyətə malikdir. Ən ümdəsi baş qərargah rəisi olan şəxslər artıq 20 ildən çoxdur ki, bu səlahiyyətlərindən şəxsi planda sui-istifadə etmirlər, rotasiyalı qaydada bir-birini əvəz edirlər və hər general vaxtı çatan gün istefaya çıxır. Bu, dəyişməz bir qaydadır.

Ona görə də qanunlara, ordunun daxili nizamnaməsinə son dərəcə dəqiqliklə riayət edən şəxslərin, xüsusilə də İlkər Başbuğ kimi bir generalın heç bir ehtiyacı olmadığı halda «terror təşkilatı qurmaq»da ittiham olunması inandırıcı görünmürdü. O, brifinqdə bu barədə danışarkən sifətində istər-istəməz rişxəndli təbəssüm yarandı. 

İlkər Başbuğ brifinqdə üstünə basa-basa, azı dörd dəfə «Türkiyə yenidən hüquq dövləti olmaq istəyirsə» deyə bir ifadə işlətdi. O, bu ifadəni ona görə xüsusi vurğulayırdı ki, hazırkı hökumətin ölkəni haralardan haraya gətirdiyini və buranın avtoritarizmə yaxın, demokratiyadan uzaq bir yer olduğunu bildiyini göstərirdi. 

Son bir ilin, xüsusilə də son üç ayın hadisələrini diqqətlə izləyənlər görürlər ki, dünyada yeganə güvənə biləcəyimiz ölkə olan qardaş Türkiyənin indiki halı o qədər də ürəkaçan deyil. Hərbçilərin və jurnalistlərin kütləvi həbsi, korrupsiya qalmaqalları, dövləti parçalamaq istəyənlərə güzəştli, siyasi rəqiblərə amansız davranışlar Türkiyəni heç də gülüstana aparmır. 

İlkər Başbuğ bunu bildiyini vurğuladı və qeyd etdi ki, sonuncu məsum silahdaşı həbsdən çıxana qədər mübarizəsini davam etdirəcək. 

26 aylıq təcrid həyatından sonra xalqının qarşısına bu qədər vüqarla, təmkinlə, əvvəlki zabitəylə, həm də emosiyalara qapılmadan çıxması onu göstərir ki, Türkiyə və dünya İlkər Başbuğun adını hələ bir müddət də eşidəcək. O, gələcəkdə Türkiyənin baş naziri və ya prezidenti olsa heç kəs təəccüblənməsin.

Paşanın çöhrəsində, duruşunda, dəyanətində və mesajlarında bu postlara nə dərəcədə layiq olması aydın görünür. (musavat.com)

 





08.03.2014    çap et  çap et