Finlandiya onilliklər ərzində və hətta Soyuq Müharibənin ən qızğın çağında belə NATO və Rusiya Avropada üstünlük uğrunda mübarizə getdiyi zaman ehtiyatlı şəkildə neytrallıq kursu nümayiş etdirirdi.
Lakin bir neçə ay ərzində vəziyyət dəyişib və Finlandiya hazırda NATO-ya üzv olmaq ərəfəsindədir.
“Aydındır ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra hər şey dəyişib və biz indi öz milli maraqlarımıza uyğun olaraq öz qərarlarımızı verməliyik. Finlər və Finlandiyanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu nədir? Biz Qərbin bir hissəsiyik. İndi siz görürsünüz ki, NATO-ya üzvlük bizim Qərbə inteqrasiyamızın bir növ yekunlaşmasıdır”, Finlandiyanın Avropa məsələləri üzrə naziri Tutti Tuppurainen bildirib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ictimai rəy dəyişib. Keçən ilin sonunda Finlandiya əhalisinin dörddə biri NATO-ya üzvlüyü dəstəkləyirdi. Son sorğu göstərir ki, hazırda 76 faiz alyansa qoşulmağın tərəfdarıdır.
“Biz əvvəlki kimi belə gözlənilməz qonşu ilə yaşaya bilmərik. Beləliklə, NATO təhlükəsizlik baxımından həll olaraq etdiyimiz yeganə seçimdir”, Helsinki sakini Pekka Luhta deyib.
“Coğrafi faktlara nəzər salsanız, biz Rusiya ilə qonşu olan hələlik müdaxiləyə məruz qalmamış NATO-ya üzv olmayan yeganə (Avropa) ölkəsiyik. Ona görə də məncə, bu, bizim qoşulmalı olduğumuzun səbəbini izah edir. Mən Rusiyaya o qədər də inanmıram”, Helsinki sakini Sanna Olt deyib.
Finlandiya indiyədək bloklara qoşulmamaq statusunu qoruyub saxlayan İsveçlə NATO-ya üzvlük üçün birgə müraciəti nəzərdən keçirir. Alyans Finlandiya və İsveçin ola bilsin, yaxın bir neçə ay ərzində üzv kimi hərarətlə qarşılanacağını açıq şəkildə bildirib.
Onların hər ikisi Avropa İttifaqının üzvüdür. Bu ölkələrin qüvvələri mütəmadi olaraq NATO hərbi təlimlərində iştirak edir və Arktikada döyüşmək qabiliyyətinə malikdir. Onlar Rusiyanın böyük hərbi mövcudluğunu saxladığı Baltikyanı və Şimali Avropada alyansın qabiliyyətlərini xeyli artıracaq.
“Bu, gələcəkdə alyans daxilində Skandinaviya dövlətlərinin əhəmiyyətli bir qrupu olardı. Bu, məntiqlidir. İkincisi, hərbi imkanlar və nou-hau. Ona görə də düşünürəm ki, bizim illər boyu qurduğumuz müasir, müdafiə qabliyyətinə malik qüvvəmiz var”, Finlandiyanın Müdafiə Naziri General Sami Nurmi bildirib.
Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulacağı təqdirdə, Rusiyanın Kalininqrad anklavında nüvə silahı yerləşdirilməsi də daxil olmaqla, “hərbi texniki cavab” adlandırdığı reaksiya ilə hədələyib. Lakin bu cür nüvə hədələri əks nəticə verə bilər.
“Bu təhlükədən Soyuq Müharibə zamanı belə görmədiyimiz bir şəkildə danışılır ki, bu da müəyyən narahatlıq doğurur və Finlandiya siyasi elitasının Finlandiyanın müdafiəsinin güclü ola bildiyini, lakin etibarlı nüvə müdafiə qabiliyyətini yarada bilməməsini söyləməsinin səbəblərindən biridir. Bunun yeganə yolu NATO-ya üzv olmaqdır”, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun təhlilçisi Çarli Salonius-Pasternak bildirib.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilədən əvvəl NATO-dan Şərqi Avropada qüvvələrini geri çəkməyi tələb edib. Bunun əvəzinə, alyans belə görünür, yeni üzvləri qəbul etməyə hazırlaşır.
“Bir neçə ay ərzində bu iki ölkənin təhlükəsizlik və müdafiə siyasətində köklü dəyişiklik olması şübhəsiz ki, Putinin növbəti strateji səhvi kimi qiymətləndirilməlidir”, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun təhlilçisi Çarli Salonius-Pasternak bildirib.
Finlandiya və İsveç üçün NATO-ya üzvlük bu ölkələrin strateji mövqelərində əsaslı dəyişiklik demək olardı.
1917-ci ildə Rusiyadan müstəqilliyini elan edəndən bəri Finlandiya neytral, bloklara qoşulmayan bir ölkə olub. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi şərq qonşusundan gələn təhlükə qarşısında ölkəni təhlükəsizlik sahəsində ehtiyacları üzərində yenidən düşünməyə vadar edib.
Finlandiya ordusu 34700 şəxsi (27300 Quru qoşunları, 3000 Hərbi Hava Qüvvələri, 4400 Hərbi Dəniz Qüvvələri) heyəti var. Hər il 22000 nəfər çağırışçı istisnasız olaraq (6, 9 və 12 aylıq) məcburi hərbi xidmət keçir. Ehtiyac yarandığı təqdirdə (Müharibə şəraitində) 280000 peşəkar döyüşçü, 900000 nəfərlik ehtiyat qüvvələr də bu siyahıya daxil edilə bilər. Hər il ölkə ÜDM-sinin 1.5 faizi hərbi xərclərə ayrılan 4 milyard dollarlıq hərbi büdcəsi var.
Finlandiya ordusu tarixən snayper əsgərləri ilə məşhur olub. Dünyanın ən məşhur kəskin atıcıları Finlandiya snayper tüfənglərinə üstünlük verir. Bundan başqa Finlandiya hərb sənayesi istehsal etdiyi XA-180 Sisu (Patgb 180) zirehli transportyorları (ZTR) (180, 202, 203 və 360 modelləri) ilə məşhurdur.
Finlandiya Silahlı Qüvvələri modern silahlarla silahlanmış, son dərəcə sürətli birləşmələrdən ibarətdir. Ümumiyyətlə Finlandiya ordusu müdafiə taktikasına üstünlük verir. Təlimlərdə sürətli düşməni sərhəddə dayandıraraq ona sarsıdıcı zərbələr vurmaqla yormaq və sonda məhv etmək üzərində işləyirlər. Bu müdafiə taktikasında ölkənin coğrafi imkanlarından – sıx meşələrdən və sıldırımlı dağlardan mükəmməl istifadə olunur.
İsveç ordusu əsgər baxımından Finlandiyadan geri qalır. Çünki soyuq müharibədən sonra təhlükənin aradan qalxdığı zənn edilərək məcburi həqiqi hərbi xidmət aradan qaldırılıb. İsveç Silahlı Qüvvələri – Quru qoşunları (6850), Hərbi Dəniz Qüvvələri (HDQ) (2100 nəfər), Hərbi Hava Qüvvələri (HHQ) (2700) ibarətdir. HDQ-nin sərəncamında 5 sualtı qayıq, 11 korvet, 12 kater, 7 kiçik gəmi var. HHQ isə 165 döyüş, 102 köməkçi təyyarə və 54 helikopterdən ibarətdir. İsveç pilotları hər il 100-150 saat uçuş həyata keçirir.
Şəxsi heyətin sayının az olmasına baxmayaraq İsveç istehsal etdiyi müasir silah və texnikaları ilə dünyanın öndə gedən ölkələrindəndir. Bura PDM (Strf 9040) və ZTR (Pbv 302), kəşfiyyatçıların döyüş maşını (Epbv 90), özüyeriyən artilleriya qurğusu, ikiseksiyalı zirehli patrul texnikası (BvS 10 MkII) aiddir. Artilleriya texnikalarına Haubitsa (Arçer), özüyeriyən 120 mm-lik minaatan (Gkpbv 90 Mjolnir), 120 mm-lik minaatan (M/41D) və 81 mm-lik minaatanları (M/86) daxildir. İsveç zirehli texnika əleyhinə silahları – TƏİR (tank əleyhinə idarə olunan) (RBS 55), əl qumbaraatanı (“Karl Qustav”) və nəhayət Ukrayna müharibəsində Rusiya tanklarının kabusuna çevrilən “NLAW” idarə olunan raketləri ilə məşhurdur. İsveçin Hava Hücumundan Müdafiə sənayesinin də şöhrəti var. Yer-hava tipli Daşınan Zenit Raket Kompleksi (DZRK) – RBS 70, Zenit Raket Kompleksi (ZRK) – RBS 97, orta mənzilli ZRK – RBS 23 Bamse, hava-hava tipli (Almaniya ilə müştərək) – IRIS-T raketləri, helikopterlərin qənimi kimi ad çıxarmış, zirehli zenit pulemyotu ilə təchiz olunmuş Lvkv 90 İsveç hərb sənayesinin məhsullarıdır. Bgbv 90 sıradan çıxmış döyüş maşınını cəbhə bölgəsindən çıxaran texnikadır. “ARTHUR” kontrbatareya radarı isə düşmən raketinin trayektoriyasına görə onun atış yerini müəyyən edir və düşmənin atəş batareyasının məhv edilməsi üçün dəqiq koordinatlar verir.