Vaxt.Az

“SOCAR Petroleum” cərimələndi


 

27 412 962 manat

“SOCAR Petroleum” cərimələndi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SOCAR Petroleum” QSC-nin antiinhisar qanunvericiliyinin tələblərinin pozulması nəticəsində əldə etdiyi 27 milyon 412.962 min manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.

“Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur. Bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən “SOCAR Petroleum” QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb”, – deyə Dövlət Xidmətinin məlumatında bildirilir.

İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.

“Bununla yanaşı, Dövlət Xidməti “SOCAR Petroleum” QSC-nin “Tənzimlənən qiymətlər haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib”, – deyə məlumatda qeyd olunur.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb. Hazırda şirkətin 40-dan çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft bazasına malikdir.

 





13.05.2022    çap et  çap et