Vaxt.Az

Sosial reklamlar problemlərin profilaktikasıdır


 

Dünya slnaqdan keçirilən praktika Azərbaycanda niyə tətbiq olunmur?

Sosial reklamlar problemlərin profilaktikasıdır KİV-də sosial reklamlar vacib məsələdir. Azərbaycanda hələki mediada sosial reklam işinin təşkili ilə bağlı vəziyyət bərbaddır. Halbuki, bu məsələ mühüm əhəmiyyət kəsb edir.

Avropa ölkələrində sosial reklama dövlətin siyasi idarəetməsinin mühüm detalı kimi baxılır. Sosial reklam cəmiyyətin problemlərinin diaqnostikası və korreksiyasında universal alət sayılır. 

Sosial reklamlar özünəməxsus “sosial dərman”, problemlərin profilaktikasıdır. Avropada sosial reklamlarla bağlı müxtəlif qurumlar var. 

Məsələn, Britaniyada sosial reklamlar üçün “Mərkəzi informasiya Ofisi” ( COİ) adlı təşkilat mövcuddur. Bu qurum reklam agentlikləri ilə hökumət strukturları arasında kommunikasiyanı koordinasiya edir. 

Hökumət tərəfindən Mərkəzə reklam sifariş edilir və bu sifarişin pulu büdcədən ödənilir. Hakimiyyət sosial reklamın pulsuz yayılmasına cəhd etmir. Mərkəz də öz növbəsində hər hansı yüksək qonorar ödəmir. Burada standart bazar qiymətləri əsas götürülür. 

Britaniyada dövlət böyük reklamvericidir. Hər il COI reklama 195 milyon funt-sterlinq xərcləyir. Almaniyada da sosial reklam xüsusi diqqət verilir və sosial siyasətin mühüm aləti sayılır. 

Dövlət cəmiyyət üçün aktual olan sosial reklamların xərcinin 75 faizini ödəyir. 

Almaniyada əsas təşkilat “Alman reklamının Mərkəzi İttifaqı” (ZAV) adlanır. Təşkilatın əsas məqsədi reklam sənayesinin koordinasiyasıdır. 

Bu qurum hökumətlə, parlamentlə, icra strukturları ilə daimi təmasdadır. Hökumət müəyyən sosial reklam paketini sifariş verir, Mərkəz bu sifarişi koordinasiya edir və sifarişin bölgüsünü həyata keçirir. 

Azərbaycanda da hökumət strukturlarının, iri şirkətlərin, böyük kommersiya qurumlarının kifayət qədər böyük sosial layihələri və proqramları olur...

Amma bunlar KİV-də görünmür.

Bu məsələdə yeni yanaşma vacibdir. Bunun üçün reklam bazarını koordinasiya etmək üçün Reklam –İnformasiya Fondu yaradıla bilər. 

MEDİA bu məsələdə koordinator kimi çıxış edə bilər. KİV sahəsində elan edilmiş islahatların əsas yükünü çəkən MEDİA KİV-in intellektual biznes sahəsi olaraq güclü maddi bazasının qurulmasına hədəflənib. 

Bu baxımdan MEDİA-ın yön verə biləcəyi Fond hökumətin cəmiyyət üçün vacib saydığı sosial mesajlarını çatdırılması üçün reklam işinin sifarişinin və bölüşdürülməsini təşkil edə bilər. 

Heç kimə sirr deyil ki, ölkədə reklam bazarının kasad olması medianı çətin vəziyyətə salır. Belə bərbad reklam bazarı peşəkar KİV-lərin yaranmasına, inkişafına və istedadlı jurnalistlərin yetişməsində ciddi maneədir. 

Reklam KİV üçün “oksigen balonu” sayılır.

 





14.05.2022    çap et  çap et