Vaxt.Az

Conson Putindən qorxmur


 

Britaniya cəsarətli diplomatiya ilə Rusiya üçün heç bir “qırmızı xətt” tanımır

Conson Putindən qorxmur Böyük Britaniya gimnast Alina Kabayeva, Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, eləcə də əmisi oğlu İqor Putin, onun övladları da daxil olmaqla Rusiya diktatorunun ən yaxın ailə üzvülərinə sanksiya tətbiq edib. Londonun bu qərarı çox əlamətdar haldır. Çünki, Putini qəzəbləndirməmək üçün ABŞ-ın gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq etmək istəmədiyi haqqında məlumatlar var. Hətta bir dəfə Co Baydenin gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı məlumat yayılsa da, sonradan Kabayevanın adının siyahıdan çıxarıldığı məlum olmuşdu.

“The Wall Street Journal”ın yaydığı bir məlumatda ABŞ Milli Təhlükəsizlik Şurasının Alina Kabayevaya qarşı sanksiyaların tətbiqini qadağan etməsi iddia edilirdi. Sanksiya siyahılarını hazırlayan ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri “The Wall Street Journal”ın əməkdaşı ilə söhbətdə ABŞ-ın rəhbər şəxslərinin Putinin Kabayevaya görə “aqressiv” reaksiya verə biləcəyindən ehtiyat etdiyini bildirmişdi. 

Olimpiya çempionu gimnast Alina Kabayevanın Rusiya diktatorunun nikahdan kənar üç övladının anası olduğu söylənilir. Kabayeva da daxil olmaqla Putinin ən yaxın ətrafına sanksiya tətbiq edən Britaniya hökuməti heç nədən ehtiyat etmədiyini və heç bir “qırmızı xətt” tanımadığını nümayiş etdirdi.  

Alina Kabayevaya qarşı sanksiya tətbiq etməklə yanaşı Boris Conson Rusiyanın daha bir “qırmızı xətt”ini keçib. Belə ki, Rusiya prezidenti Putin NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı bu niyyətlərinə görə təhdid edərkən Boris Conson bu iki ölkəyə təhlükəsizlik zəmanəti verdi. 

İlk olaraq isveçli həmkarı Maqdalena Andersson ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayan Boris Conson daha sonra Helsinkiyə gedərək Finlandiyanın prezidenti Sauli Niinistö ilə də anoloji saziş imzaladı. 

Boris Consonun başçılıq etdiyi Britaniya hökumətinin bu addımları çox böyük siyasi və diplomatik əhəmiyyətə malikdir. Britaniya hökumətinin son qərarları Rusiyaya münasibətdə heç bir “qırmızı xətt”in qalmadığının təsdiqidir.

 





15.05.2022    çap et  çap et