Görüşdə əsasən Finlandiya və İsveçin NATO-ya üzvlük məsələləri, Ukraynadakı mövcud durum, habelə NATO-nun Strateji Konsepsiyası və digər məsələlər müzakirə olunur.
Almaniya bəyan edib ki, əgər Finlandiya ilə İsveç NATO-ya üzvlük ərizəsi vermək qərarına gəlsələr, artıq sürətli ratifikasiya prosesi üçün hər cür hazırlıq görülüb.
“Reuters”in məlumatına görə bunu mayın 15-də Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib .
“Əgər onlar qoşulmaq qərarına gəlsələr, tez də qoşula bilərlər. Biz də əmin olmalarıq ki, onlara təhlükəsizlik zəmanəti verəcəyik. Onların statusunun qeyri-müəyyən olduğu keçid dövründə boz zona olmamalıdır”, deyə o vurğulayıb.
“Reuters” yazır ki, ratifikasiya müddəti bir ilədək uzana bilər və bu müddət ərzində bu iki ölkə hələ ki, NATO-nun bir müttəfiqə hücumun hamıya hücum olduğunu təmin edən 5-ci maddəsi ilə qoruna bilmir.
Amma Kanada hesab edir ki, ratifikasiya məsələsi bir neçə həftə çəkə bilər.