Vaxt.Az

“Azovstal”da 600 yaralı var


 

Döyüşçülərin xanımları ərlərinin xilası üçün Ərdoğanla görüşmək istəyir

“Azovstal”da 600 yaralı var Ukraynanın Mariupol şəhərində Rusiya hərbçilərinin mühasirəsində olan “Azovstal” zavodunda 600-dək yaralı ukraynalı döyüşçü var. Bunu Ukrayna Milli Qvardiyasından Denis Şleqa milli telemarafonun efirində deyib.

Onun sözlərinə görə, yüzlərlə yaralıdan 40-nın vəziyyəti çox ağırdır. Şleqa deyib ki, dərmanlar və tibbi alətlər “çatışmazlığı var”. O, vəziyyətin mürəkkəb olduğunu söyləyib.

***

Mayın 15-də bu informasiyanı “Azovstal”da müdafiə olunanların həyat yoldaşları da onlayn mətbuat konfransında təsdiqləyib. Yekaterina Prokopenko, Yuliya Fedosyuk, Anna Naumenko və Darya Tsikunovanın sözlərinə görə, ərləri gün ərzində bir stəkan texniki su içir, çox az ərzaq ehtiyatları qalıb. Onlar zavodda xeyli sayda ağır yaralı döyüşçünün dərman çatışmazlığından öldüyünü, narkozsuz amputasiya olunduqlarını deyiblər.

Ərlərini xilas etməyə çağıran qadınlar Türkiyəyə getməyi, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək ondan həyat yoldaşları üçün kömək istəməyi planlaşdırırlar.

“Nastoyaşeye Vremya” telekanalı Azov alayı (Ukrayna Milli qvardiyasının tərkibinə daxil olan ifrat sağçı könüllü qrup) döyüşçüsü Dmitri Kozatski ilə əlaqə yaradıb. O da “Azovstal”da 600-700 yaralı döyüşçüdən 40-50-nin “kritik ağır vəziyyətdə”, təcili evakuasiyaya ehtiyacı olduğunu vurğulayıb.

***

Kozatski döyüş əməliyyatlarının “Azovstal”ın ərazisində getdiyini qeyd edir. “Bütün bunları düşmənin ağır artilleriyası, tanklar və aviasiya dəstəkləyir. Döyüşçülərimiz düşmənin maksimum bütün hücumlarını dəf edir”, – Azov döyüşçüsü danışıb.

“Azovstal” Mariupolda Ukrayna müdafiəçilərinin sonuncu istehkamına çevrilib. Şəhərin böyük hissəsi Rusiya hərbçilərinin nəzarətinə keçib. “Azovstal”da ərazi müdafiə dəstələri və sərhəd döyüşçüləri müdafiə olunur.

Ukrayna bu döyüşçülərin evakuasiyasına, onların işğal bitənədək qala biləcəkləri üçüncü ölkəyə göndərilməsinə çalışır. Belə bir evakuasiya təklifi ilə Türkiyə çıxış edib. Rusiya isə döyüşçülərin təslim olmasını tələb edib. Hazırda ağır yaralıların rusiyalı əsirlərlə dəyişdirilməsi üzrə danışıqlar gedir.

 





16.05.2022    çap et  çap et