Türkiyə özünün strateji tələblərindən irəli gələn duruşla Finlandiya və İsveçin NATO ailəsinə daxil olmasına qarşı mövqeni dilə gətirir. Buradan isə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yeni üzvlüklə bağlı prosedurunun gerçəkləşməcəyi anonsunu verir.
Ankara bildirir ki, Finlandiya və İsveç PKK-ya dəstək verir, bu açıqlamanın təhlili narahatlıqların zahiri parıltılarını göz önünə gətirir.
Batində isə daha dərin narahatlıqlar, tələblər, manevrlər gizlənir.
Belə ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiya ilə Qərb arasındakı münaqişənin xərçəng kimi metastaz verməsinə gətirib çıxaracaq.
Elə bir tablo yaradılır ki, orada regional və beynəlxalq aktorlar üçün bitərəf və ya münaqişənin birbaşa iştirakçısı olmamaq mövqeyini nümayiş etdirmək üçün əsaslar öləziyir.
Münaqişənin böyüməsi Türkiyəyə sərf etmir, ən azından NATO üzvü kimi onun üzərinə əlavə yük qoyulacaq və illərdir Rusiya ilə formalaşdırılan isti münasibətlərin hərarəti soyuya bilər.
Ancaq Türkiyə bütün ssenarilərə hazırlaşır və Rusiyanın təcavüzkar siyasətini pisləməklə yanaşı onunla münasibətləri tamamilə soyutmamaq xəttinə önəm verir.
Bəs NATO niyə Türkiyədən yararlanmaq istəyir? NATO-nun məntiqi hərbi çərçivələrə daha çox uyğundur, Türkiyə ordusunun peşəkarlığı, quru qoşunlarının üstün döyüş bacarıqları Qərbin diqqətindən yayınmır.
Buna görə də, mümkün hərbi əməliyyatlarda hədəflərə tez çatmaq üçün Türkiyə ordusu NATO üçün müstəsna rola malikdir.
Türkiyə dövləti ağıllı və təmkinlidir, onun İsveç və Finlandiyaya dair baxışı Ankaraya manevr imkanları da qazandırır.
Türkiyə danışıqlarda Qərbin Suriyaya dair siyasətinə redaktələr etmək tələbini irəli sürə bilər və bununla da Finlandiya ilə İsveçin üzvlüyünə veto qoymayacağını bildirər.
Şifrəni bir az da açmağa çalışaq, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük arzusundan istifadə edərək öz coğrafiyasının həndəvərində Qərbin maraqlarını sıxışdırmağa çalışır.
Yəni “mənim ölkəmə təhdid yaradan bütün ünsürləri dəstəkləməkdən əl çək və ya məhdudlaşdır və mən də sən istədiyini edim” prinsipi işləyəcək.
Türkiyənin tələblərinin nə dərəcədə keçərli olacağı bəlli deyil. Xarici işlər naziri Mövlud Çavuşoğlunun bir açıqlaması isə diqqət çəkir:
“NATO-nun genişlənməsinə qarşı deyilik, lakin terrora dəstəyi qəbul edə bilmərik”.
NATO ilə Türkiyə arasında danışıqların getməsi Qərbin də Türkiyəyə önünə tələblər qoyduğunu göstərir.
Əgər ortaq nöqtə tapılacaqsa, ən azından Türkiyə Finlandiya və İsveçə sığınan PKK terrorçularının ölkəyə gətirilməsinə nail ola bilər və bu, 2023-cü il üçün gözlənilən prezident seçkilərində AKP-nin elektoratını genişləndirər.