Beləliklə, İTV və Avropa Yayım Birliyinin (AYB) rəsmi açıqlamalarına əsasən baş verənləri aşağıdakı xronoloji ardıcıllıqla düzmək olar:
1. İTV (Azərbaycan Münsifləri) “Ukrayna 12 bal” qərarını öncədən “Eurovision” təşkilatçılarına (AYB) göndərib;
2. AYB bu qərarı bizim münsiflərin yarımfinal səsləri ilə müqayisə edərək şübhə ilə qarşılayıb. Lakin bu haqda İTV-yə məlumat verilmir və bizim münsiflər bundan xəbərsiz olur;
3. Bizim münsiflərin qərarını şübhə altına alan AYB final zamanı İTV-dən tələb edir ki, canlı yayımda “başqa nəticələr” açıqlansın;
4. İTV bundan imtina edir və dərhal AYB təşkilatçılarına baş verənlərlə bağlı sorğu göndərir, canlı yayımda münsiflərin özəl qərarının açıqlanacağı və məsələnin ictimailəşdiriləcəyi bildirilir;
5. Məhz bundan sonra AYB yarımfinalda olanlara əsaslanaraq Azərbaycan tərəfdən “düzgün olmayan səsvermə sxemindən” istifadə edildiyini bildirir;
6. Finalın sonunda isə Azərbaycanla canlı bağlantı alınmır və münsiflərimiz “Ukrayna 12 bal” qərarını canlı olaraq elan edə bilmir. Azərbaycan tərəfi bağlantının alınmamasını AYB-nin təqsiri üzündən baş verdiyini bildirir. AYB isə Azərbaycan tərəfinin sorğusuna əsasən bunun texniki problem olduğunu bildirib;
7. Canlı bağlantı alınmadığından AYB yarışın finalı ilə bağlı İTV-nin deyil, öz nəticələrini elan edir və Ukraynaya 6 bal verildiyi elan olunur;
8. İTV bütün baş verənlərlə bağlı hər hansı rəsmi açıqlama vermir, İTV nümayəndələri sadəcə canlı bağlantı imkanının AYB tərəfindən yaradılmadığını elan edir;
9. Finaldan dərhal sonra AYB Azərbaycan tərəfinin səsvermə qaydalarını pozduğunu və münsiflərin manipulyasiya etdiyini, Azərbaycan və daha 5 ölkənin münsiflərinin müsabiqədən kənarlaşdırıldığını rəsmi açıqlayır. Azərbaycan tərəfə sübutlar təqdim edilmir;
10. Bir gün sonra İTV baş verənlərlə bağlı AYB-ni ittiham edən rəsmi açıqlamanı yayır və ədalətli araşdırma tələb edir və bunun nəticəsindən asılı olaraq növbəti addımlar atılacağını bildirir;
Araşdırılmalı məqamlar:
1. Yarışın yayımı prosesində iştirak edən telekommunikasiya operatorlarına sorğular verməklə canlı bağlantının nə üçün alınmamasını aydınlaşdırmaq olar;
2. İtaliya təhlükəsizlik qurumuna sorğu verməklə final anında kiber hücumun olması və bunun canlı bağlantıya təsirləri haqqında məlumat almaq olar;
P.S.: Hazırda cəmiyyəti daha çox narahat edən məsələ odur ki, baş verənlər Azərbaycana qarşı ikili standartlardı, yoxsa doğurdanmı İTV qəsdən canlı bağlantıya qoşulmayıb.
Doğurdanmı bizim münsiflər manipulyasiya edib.
Bu baxımdan AYB-nin Azərbaycana qarşı ittihamında irəli sürülən “yarımfinal və final mərhələsində verilən səslərdəki qəribəlik”, “düzgün olmayan səsvermə sxemi” məsələlərinə İTV-nin daha ağlabatan formada aydınlıq gətirməsi faydalı olardı.