Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı əsas məqam elə budur, bunu həll etmək mümkün olsa, sülh də olacaq:
“Tamamilə mümkündür ki, Bakı və Yerevan sərhədlərin 95 faizi ilə bağlı razılığa gəlsinlər. Sual bundan ibarətdir ki, Ermənistan Laçın dəhlizi ərazisindən keçən sərhədi tanıyacaqmı? Qəbul edəcəkmi ki, bu Azərbaycan ərazisidir və sərhədi keçən hər kəs Azərbaycan sərhədçiləri tərəfindən yoxlanacaq. Azərbaycanın indi təkid etdiyi budur. Əgər Ermənistan bunu qəbul etməsə, onda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması olmayacaq. Çünki Qarabağ həmin sərhəd xəttinin arxasındadır. Məncə, Ermənistan bunu etməyəcək və onda da yekun sülh müqaviləsi mümkün olmayacaq”.
Elə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, özlüyündə sərhədlər məsələsi texniki məsələdir, əsas məsələ odur ki, Ermənistan Azərbaycana ərazi iddiasından əl çəksin.
O deyir ki, Ermənistanın yeni açıqladığı altı bəndlik təklifdən elə görünür ki, rəsmi Yerevan Azərbaycanın ərazi bütövlüyü tanımır, çünki 3-cü bənddə deyilir ki, Qarabağın yekun statusunun müəyyən edilməsi prinsipial məsələdir, halbuki Azərbaycan status məsələsini qapanmış sayır:
“Onlar hələ də sülhməramlıların ərazisində silahlı qüvvələrini saxlamaq istəyirlər”.
Tofiq Zülfüqarov deyir ki, indiki halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamış Azərbaycan sərhədlərdə razılaşsa, bu gələcəkdə Azərbaycana təzyiqləri artıra bilər.