Vaxt.Az

Müharibələr və istilər taxıla ehtiyacı artırıb


 

“Ukraynadakı vəziyyət dəyişməzsə dünyada aclıq ehtimalı artacaq”

Müharibələr və istilər taxıla ehtiyacı artırıb Dünyanın əsas taxıl ixracatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından dünyada taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə taxılını dünya bazarlarına çıxara bilmir. Çünki, Rusiya Ukraynanın dəniz limanlarına giriş və çıxışlara imkan vermir.

Bugünlərdə toplanan “Böyük yeddilər”in (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin toplantısında ərzaq təhlükəsizliyi mövzusuna xüsusi diqqət yetirilib. Əslində bu mövzu iqtisadiyyat və kənd təsərrüfatına başçılıq edən nazirlərin səlahiyyətinə aid olsa da, ərzaq və taxıl qıtlığı qlobal təhlükəsizlik problemi yaratmağa başlayıb. Ona görə də bu mövzunu xarici işlər nazirləri də müzakirə edirlər.

“Böyük yeddilər”in toplantısında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə dünyada aclıq ehtimalı artacaq. “Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb” deyən almaniyalı nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar edib. Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni sürətlə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq.

Moskva bu ittihamlarını qəbul etmir. Rusiyalı rəsmilər və diplomatlar əksinə ərzaq qıtlığına və böhrana görə Qərb ölkələrin ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki, əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, “böyük yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər.

Bu arada, dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla elan tələbatı daha da artırıb. Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib. Əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki, Hindistanda bu il ötən illə müqayisədə 2,5 faiz çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxılı ixracatını artırmağı düşünmür.

Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub. Hindistan “böyük iyirmilər”dən biridir. “Böyük yeddilər”in toplantısında Hindistana müraciət edilərək məsuliyyətli olması gərəkliyi bildirilib. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini elan etmişdi. Ancaq havaların isti keçməsi Dehlinin qərarını dəyişməsinə səbəb oldu.

Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir.

 





17.05.2022    çap et  çap et