Vaxt.Az

Mariupol savaşı bitir


 

Yaralılar əsir hesab ediləcəkmi?

Mariupol savaşı bitir Ukrayna ordusu Mariupol şəhərindəki “Azovstal” polad zavodunda qalan qüvvələrin çıxarılmasına çalışdığını bildirir. Bununla da şəhərə nəzarət Rusiya qüvvələrinin nəzarətinə keçir. Mariupol aylarla Rusiya qüvvələri tərəfindən bombardman edilib, minlərlə dinc sakinin həlak olduğu bildirilir.

“Mariupol qarnizonu öz döyüş missiyasını yerinə yetirib”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 17-də bəyanatında bildirib.

Bir gün öncə “Azovstal”dan 260-dan çox ukraynalı əsgər çıxarılıb. Onların bəziləri yaralıdır. Yüzlərlə əsgər və dinc sakin həftələrlə zavodun altındakı bunkerlərdə qalıb.

***

Çoxu yaralı olan döyüşçülər Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə təxliyə ediliblər.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə videoçıxışında deyib ki, “Ukraynaya qəhrəmanlarının sağ qalması lazımdır”. O, döyüşçülərin dərhal azad edilməyəcəyi haqda da xəbərdarlıq edib, onların azad olunması üçün danışıqlara “məharət və zaman” gərəkdiyini vurğulayıb.

Yaralı döyüşçülərin hərbi əsir hesab edilib-edilmədiyi haqda açıqlama verilməyib.

Bununla da Ukraynada ən uzun və qanlı bir savaşın sona çatdığı görünür. Ordu rəhbərliyinin bildirdiyinə görə, “Azovstal”ı müdafiə edənləri Moskvanı 20 min əsgəri Mariupola yönətlməyə vadar edib, onların ölkənin digər yerlərini sürətlə tutmasını önləyib.

Müharibədən öncə 400 min əhalisi olan Mariupol Rusiya bombardmanı nəticəsində xarabalığa çevrilib.

***

Britaniya hərbi kəşfiyyatının mayın 17-də açıqladığı bülletendə deyilir ki, Rusiya Ukraynanın şimalındakı Çerniqov şəhərində artilleriyadan istifadə ilə 3 min 500 binanı dağıdıb, yaxud ziyan vurub.

Ziyanın 80 faizinin yaşayış binalarına dəydiyi bildirilir.

Müharibənin əvvəlində paytaxt Kiyevə hədəfləyən Rusiya sonradan geri çəkilməyə, qüvvələrini şərqə yönəltməyə başladı.

Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Rusiya Ukraynanın şərqində üstünlük qazanmaq üçün ağır artilleriya bombardmanından istifadə edə bilər.

Mayın 16-da Rusiyanın şərqdə hücumu intensivləşdirməsi nəticəsində azı 19 dinc sakin həlak olub. Luqansk vilayətindəki Severodonetsk şəhərində 10, Donetsk vilayətində isə 9 sakinin öldürüldüyü bildirilir. Məlumatları region rəsmiləri açıqlayıb.

Ukrayna ordusu mayın 16-da Xarkov ətrafında əks-hücumu gücləndirdiyini, Rusiya əsgərlərini sərhədə doğru sıxışdırdığını bəyan edib.

 





17.05.2022    çap et  çap et