Vaxt.Az

Tacikistanda iğtişaşlar


 

DBMV-də etirazlar zamanı bir nəfər həlak olub

Tacikistanda iğtişaşlar Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) etirazlar zamanı bir nəfər öldürülüb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də məlumat yayıb. Ötən gün təhlükəsizlik qüvvələri vilayətdə siyasi liderlərin istefasını istəyən etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

DBMV hakimiyyəti vilayət başçısını, Xoroqun merini və digər rəsmiləri istefaya göndərməkdən imtina edəndən sonra bir qrup gənc Xoroqda yürüşə başlayıb.

Daxili İşlər Nazirliyi etiraz liderlərindən biri, 1993-cü ildə doğulmuş Zamir Nazrişoyevin “yaralandığını və xəstəxanada keçindiyini” bildirib. Məlumatda təhlükəsizlik qüvvələrinin “silahlı hücumu” dəf etdikləri vurğulanır. Etirazçılar vilayət administrasiya binalarına doğru yürüş etmişdilər.

Müxtəlif mənbələr Nazrişoyevin başqa şəraitdə öldüyünü iddia edir. Başqa detallar açıqlanmır.

Radionun əldə etdiyi videoda etirazçılara qarşı rezin güllələrə və gözyaşardıcı qaza əl atdığı görünür. Mənbələr iki nəfərin xəsarət aldığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

DBMV-də vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı.

Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.

 





17.05.2022    çap et  çap et