Vaxt.Az

“Ən yaxşı qərarı verdik”


 

İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət imzalayır

“Ən yaxşı qərarı verdik” İsveç NATO-ya rəsmi üzvlük müraciətini imzalayıb. Stokholm bir gün öncə 30 üzvlük hərbi alyansa üzv olmaq istədiyini açıqlayıb. Bu addım Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı təhlükəsizlik əndişələri fonunda baş verir.

Finlandiya parlamenti də mayın 17-də oxşar addım ataraq alyansa üzvlük üçün rəsmən müraciət edəcək.

***

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra bu iki ölkə sürətlə NATO-ya meyllənib.

İsveçin Xarici işlər naziri Ann Linde rəsmi müraciəti imzalayandan sonra deyib ki, sənəd NATO-nun Baş katibi Yens Stoltenberqə göndəriləcək.

“Biz İsveç üçün ən yaxşı qərarı verdik”, – Lind sənədi imzalayandan sonra deyib.

Finlandiyanın Prezidenti Sauli Niinisto isə İsveçdə rəsmi səfərdədir. Onun İsveç parlamentində çıxışında NATO-dan danışacağı, Baş nazir Maqdalena Andersonla görüşəcəyi gözlənir.

***

Rusiya Prezidenti Vladimir Putin mayın 16-da deyib ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını təhdid kimi görmür, amma bu ölkələrdə hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın reaksiyasına səbəb olacaq.

Xarici işlər naziri Sergey Lavrov da mayın 17-də Putinin dediklərinə oxşar bəyanat verib. O deyib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması “böyük fərq” yaratmayacaq, çünki hər iki ölkə uzun müddətdir alyansın hərbi təlimlərinə qatılırlar.

Ancaq o xəbərdarlıq edib ki, Rusiya NATO-nun gələcək üzv ölkələrin ərazisində fəaliyyətini yaxından monitorinq edəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkəni terrorçuluğa qarşı aydın mövqe ortaya qoymamaqda, kürd yaraqlıları gizlətməkdə ittiham edib. Beləliklə, Ankara İsveçlə Finlandiyanın NATO-ya mümkün qədər tez üzv olmasını əngəlləyə bilər.

Rəsmi “Anadolu” agentliyinin Ədliyyə Nazirliyinə istinadla yazdığına görə, İsveç və Finlandiya son beş ildə Türkiyənin 33 ekstradisiya xahişinə müsbət cavab verməyib.

İsveç və Finlandiya Türkiyə rəsmiləri üçün görüşməkdən ötrü Ankaraya nümayəndə heyəti göndərmək istədiklərini desələr də, Ərdoğan buna ehtiyac olmadığını bildirib.

NATO-ya yeni üzvlərinin qəbulundan ötrü alyansın 30 üzvü bunu yekdilliklə dəstəkləməlidir.

 





17.05.2022    çap et  çap et