UNICEF-in mayın 17-də açıqladığı hesabatda deyilir ki, qida çatışmazlığının ən ağır formasından əziyyət çəkən uşaqların həyatını qurtaran müalicənin dəyəri koronavirus pandemiyası və iqlim dəyişikliyi nəticəsində artıq ərzaq sistemində yaranan problemlərə əlavə olaraq, Rusiyanın Ukraynaya səbəbsiz işğalı səbəbindən 16 faiz artacaq.
“Ukraynada müharibənin bütün dünyada ərzaq təhlükəsizliyində gərginlik yaratmasından əvvəl münaqişə, iqlim sarsıntıları və COVİD-19 nəticəsində artıq ailələrin uşaqlarını qidalandırmaq imkanlarına zərbə vururdu”, – deyə UNICEF-in İcraçı Direktoru Ketrin Rassel bildirib.
“Dünya sürətlə qarşısı alına bilən uşaq ölümləri və uşaqların qida çatışmazlığından əziyyət çəkdiyi böhran mərkəzinə çevrilir”, – deyə o qeyd edib.
Hesabatda deyilir ki, istifadəyə hazır müalicəvi qida məhsulları (RUTF) üçün xammal inqrediyentlərinin qiymətləri müharibə və pandemiya nəticəsində yaranan qlobal ərzaq böhranı fonunda artıb, eyni zamanda qida çatışmazlığından əziyyət çəkən uşaqların həyatını xilas etmək üçün qlobal maliyyələşdirmə də təhlükə altındadır.
İlin sonuna qədər vəsait axını olmadan daha 600 min uşaq qida paketlərinə çıxışı olmayan qida çatışmazlığından əziyyət çəkən 10 milyon uşağa qoşula bilər.
“Hər il milyonlarla uşaq üçün bu dərman paketləri ölümlə həyat arasında fərq deməkdir. Qlobal ərzaq bazarları kontekstində 16 faizlik qiymət artımı idarəolunan kimi səslənə bilər, lakin bu tədarük zəncirinin sonunda qidalanmadan əziyyət çəkən ümidsiz bir uşaq dayanır, onun üçün risklər heç cür idarə olunmur”, – deyə Rassel bildirib.
Uşaqların boyuna görə çox arıq olması immun sisteminin zəifləməsinə səbəb olur və bu, qida çatışmazlığının birbaşa, nəzərə çarpan və həyatıüçün təhlükə yaradan formasıdır. UNICEF-in məlumatına görə, dünyada beş yaşınadək ən azı 13,6 milyon uşaq ciddi qida çatışmazlığından əziyyət çəkir və bu yaş qrupunda hər beş nəfərdən birinin ölümülə nəticələnir.
Böhranın pisləşməsinin qarşısını almaq üçün agentlik hökumətləri yardımı 2019-cu il səviyyəsindən ən azı 59 faiz artırmağa və sağlamlıq və uşaqların müalicəsini uzunmüddətli inkişafın maliyyələşdirilməsi sxemlərinə daxil etməyə çağırıb.