Vaxt.Az

Ukrayna dilini xilas edən müharibə...


 

Bunun üçün işğalçı Putindən daha çox xidməti olan ikinci adam yoxdur

Ukrayna dilini xilas edən müharibə... İllər öncə “Totalitarizm və avanqard” essesində yazmışdım ki, müharibə nəinki mövcud reallıqları dəyişdirir, müharibə özü ilə həm də yeni anlamlar, yeni mənalar gətirir.

Ukraynalı dostlarım (musiqiçilər, sənət insanları, filosoflar, siyasi şərhçilər və s.) hamısı total olaraq rus dilindən imtina edib. Prinsipial olaraq danışmırlar, yazmırlar.  

Halbuki 1988-ci ildə ilk dəfə bu ölkəyə gəlişimdən Ukrayna dilinin çox az işləndiyinin şahidi olmuşdum, sonrakı illərdə də vəziyyət çox dəyişməmişdi. Ölkənin hər tərəfində olmuşdum, ən böyük şəhərlərdə, son illər, 2009-cu ildən sonra oğlumun xəstəliyi ilə bağlı ölkənin Qərb tərəflərində (əsasən Lvov və Karpatı) tez-tez olmuşdum, bütün söhbətlərə rəğmən orada da rus dili çox gözəl işlənirdi. Yadımdadır, dəyərli dostlardan biri, bəstəkar və dirijor Vladimir şəxsi söhbətlərdə mənə demişdi ki, “dilimiz assimilyasiyaya uğrayıb məhv olur, vəziyyət faciəvi durumdadır”.

Görünür bütün pisliklərin bir əks tərəfi də olurmuş. Bunu demək bəlkə də heç yerinə düşməyəcək, lütfən ritorikama görə ukraynalı dostlar məni bağışlasın, amma Ukrayna dilinin dilinin və kültürünün intibahı və ruscanın Ukraynadan tamamilə getməsi üçün işğalçı Putindən daha çox xidməti olan ikinci bir adam tanımıram. Yaxından tanıdığım ailənin timsalında bunu bariz olaraq gördüm. 

P.S.: Rus dilinin və kültürünün əsla əleyhinə deyiləm, ola da bilmərəm, bu dildə həm yazır, həm təhsil prosesində iştirak edirəm. Azərbaycandakı rus əsilli dəyərli vətəndaşlarımızı da kimsə işğalçı Kreml rejimi ilə eyniləşdirmir, zatən rus xalqını da, əsla. Sadəcə son ayların yaratdığı reallığı səsləndirmək qərarına gəldim.

 





17.05.2022    çap et  çap et