Ukrayna Müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, döyüşçülərin buraxılması, eləcə də zavodda qalanların çıxarılması üçün danışıqlar davam edir.
***
Rəsmilər hazırda “Azovstal”da neçə adamın qaldığını açıqlamayıblar. Mayın 16-da zavoddan 264 ukraynalı döyüşçü, o cümlədən ağır yaralılar çıxarılıb və Rusiyanın nəzarətində olan əraziyə aparılıb.
Ukrayna Prezidenti Vladimir Zelenski “ən nüfuzlu beynəlxalq vasitəçilərin” hazırda danışıqlara cəlb olunduğunu söyləyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 18-də bildirib ki, Rusiya qüvvələri şərqdə Donetsk vilayətində hücumları davam etdirir, eyni zamanda Çerniqov və Sumını atəşə tuturlar.
Britaniya Müdafiə Nazirliyinin mayın 18-də yaydığı məlumata görə, Ukraynanın sərt müqaviməti Moskvanı Mariupol və Luqanska minlərlə çeçen döyüşçünü cəlb etməyə vadar edib, bu isə “Ukraynada ciddi resurs problemləri” olduğunu göstərir.
***
Rusiya Luqansk vilayətindəki Lisiçansk və Severodonetskə qüvvələr cəlb edir.
“Qüvvələrin Severodonetsk-Lisiçansk ərazisinə cəmləşməsinə dair dolayı dəlil əldə edirik... Rusiya qüvvələri bu ərazini mühasirəyə ala bilər”, – “Conflict Intelligence Team”in təhlilçisi Kiril Mixaylov söyləyib.
Ukrayna hakimiyyəti Rusiya ordusunun Severodonetskdə xəstəxananı vurduğunu deyir. “Bina demək olar ki, tamamilə dağılıb. Hazırda qurbanların sayı müəyyənləşdirilir”, – Ukrayna milli polisi bildirib.
Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko Telegram-da yazıb ki, Rusiyanın hücumları mayın 17-də vilayətdə yeddi nəfərin həyatına son qoyub.
Ancaq bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.
***
Rusiya Ukraynanın şərqini və cənubunu tam nəzarətə almağa çalışır və uzun müharibəyə hazırlaşır. Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov mayın 17-də Avropa İttifaqının müdafiə nazirlərinə və NATO-nun Baş katibi Yens Stoltenberqə deyib.
O, nazirləri Rusiyanın münaqişəni uzatmasına imkan verməməyə, Ukraynaya silah göndərilməsni koordinasiya etməyə çağırıb.
“Biz düşməni mümkün qədər tez məğlub etmək, ərazilərimizi azad etmək istəyirik. Buna görə də mümkün qədər tez və lazımi miqdarda xarici yardım qəbulunda, silah almaqda çox maraqlıyıq. Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır”, – Reznikov vurğulayıb.
Aİ-nin Xarici siyasət rəhbəri Cozef Borrel görüşdən sonra deyib ki, blok “Ukraynanın avadanlığının tükənməsinə imkan verməyəcək”.