Vaxt.Az

Layihənin yolu açılıb


 

Senat Ukraynaya 40 milyard dollarlıq yardım ayırmağa yaxındır

Layihənin yolu açılıb ABŞ Senatında Ukraynaya 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsi üzrə prosessual səsvermə keçirilib. Respublikaçı senator Rand Polun qarşı çıxması ilə hərbi və humanitar yardımın gecikdirilməsindən sonra bu, böyük ehtimalla həftənin sonunda qanun layihəsinin səsverməsinə zəmin yaratmış olub.

81 senator üç potensial prosessual səsvermənin birincisində layihənin lehinə, 11 senator isə əleyhinə səs verib. Bununla Bayden administrasiyasının Ukrayna üçün istədiyi maliyyə ilə bağlı qanun layihəsinin Senat tərəfindən qəbul edilməsinə yol açılıb.

Mayın 10-da Nümayəndələr Palatası maliyyə yardımını təsdiqləyib, lakin senator Rand Polun sürətli səsverməyə qarşı çıxmasından sonra qanun layihəsi üzrə Senatda səsvermə dayandırılıb.

Demokratlar Nümayəndələr Palatasına kiçik üstünlüklə nəzarət edirlər, lakin qaydalara əsasən, əksər qanunvericilik üzrə yekun səsverməyə tez keçmək üçün yekdil razılığın tələb olunduğu Senatda səs çoxluğuna malik deyillər.

Senator Rand Pol bildirib ki, ayrılan vəsaitə nəzarət edəcək baş müfəttiş təyin etmək lazımdır. Amerikalı qanunverici Senat rəhbərlərinin ona edilən düzəlişlərə səsvermə ilə bağlı təklifini rədd edib. Qanun layihəsinin mətninin dəyişdirilməsi Nümayəndələr Palatasını ona yenidən səs verməyə məcbur edəcək və bu, daha çox gecikməyə səbəb olacaq.

Həm demokratlar, həm də respublikaçılar Ukraynaya yardımın ayrılmasını dəstəkləyirlər. Nümayəndələr Palatası qanun layihəsini 368 səslə dəstəkləyib.

Senatda azlıqda olan Respublikaçıların lideri Mitç Makkonel həftə sonu Ukraynaya səfər edən kiçik bir heyətə rəhbərlik edib. Bazar günü isə o, Senatın yardımı çərşənbə günü təsdiq edə biləcəyini deyib.

Bayden administrasiyası bildirib ki, ABŞ-ın maliyyələşdirməsində fasilənin qarşısını almaq üçün Ukraynaya əlavə yardım cümə axşamına qədər təsdiqlənməlidir.

 





18.05.2022    çap et  çap et