ABŞ Azərbaycanın Gömrük və Sərhəd Xidmətiylə uzun illərdir əməkdaşlıq edir, dövlət strukturlarımızı müxtəlif avadanlıqlarla təchiz edir. Əsas məqsəd sərhəddə Azərbaycanın narkotik alverçilərinə qarşı mübarizəsini gücləndirməsidir. Azərbaycana qonşu olan ölkələrdən sərhəddən narkotik yalnız bir ölkədən – İrandan keçir. Elə ABŞ heyətinin Bakıya gəldiyi gün İranla sərhəddə yenə də narkotik alverçilərlə silahlı insident baş verib. Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
İran hər zaman üçüncü ölkələrin Xəzərdə fəallığının əleyhinə olub. Ancaq Amerika Azərbaycan sərhədinin daha yaxşı qorunması və narkotik qaçaqmalçıları ilə mübarizə məqsədilə Bakıya gərəkli avadanlıqlar verirsə, Tehran hansı məntiqlə bunun əleyhinə çıxa bilər?