Vaxt.Az

Etirazçıların polislə toqquşması ...


 

Tacikistandakı iğtişaşlarda 21 nəfər öldürülüb, 25 yaralı var

Etirazçıların polislə toqquşması ... Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) son günlər etirazçılarla polisin toqquşması nəticəsində rəsmi açıqlanandan iki dəfədən də çox ölən olub. Bu haqda yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir gün öncəki toqquşmalarda öldürülən 21 nəfərin cəsədləri ailələrinə verilib.

***

Daxili İşlər Nazirliyi isə mayın 18-də yaydığı bəyanatda DBMV-də “antiterror əməliyyatı”nda doqquz nəfərin, o cümlədən bir polis əməkdaşının öldürüldüyünü, azı 25 nəfərin yaralandığını bildirib.

Etirazlara 2021-ci ildə polisdə saxlanarkən ölmüş bir fəalla bağlı istintaq getməməsi səbəb olub. Bundan başqa, vilayət hakimiyyəti qubernator Alişir Mirzonabot və vilayət paytaxtı Xoruqun meri Rizo Nazarzodanın istefaya göndərməkdən imtina edib.

Mayın 16-da 29 yaşlı yerli sakin Zamir Nazrişoyev polis tərəfindən öldürüləndən sonra etirazlar qızışıb.

***

Mayın 19-da Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın diplomatik missiyaları birgə bəyanat yayaraq iğtişaşlardan “dərin narahatlıq” bildirib, tərəfləri “gərginliyi azaltmağa, təmkinli davranmağa, aşırı gücdən istifadədən, zorakılığı qızışdırmaqdan çəkinməyə” çağırıb.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı isə Tacikistan hökumətindən “muxtar vilayətdə istənilən hərbi, yaxud hüquq-mühafizə əməliyyatı zamanı insanların yaşamaq, sərbəst toplaşma və media hüquqlarına hörmətlə yanaşmaq və qorumaq öhdəliklərinə sərt əməl etməyi” tələb edib.

“Asia Plus” müstəqil media orqanı mayın 17-də bildirib ki, daha DBMV-dəki hadisələri işıqlandırmayacaq. Elə həmin gün dörd jurnalisti insan haqları fəalından müsahibə alarkən naməlum şəxslərin hücumuna məruz qalıb.

DBMV-də vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı. Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlbini tələb edib. Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.

DBMV-dəki etirazçılar dinc nümayiş hüquqları olduğunu deyirlər. Xaricdəki müxalifət qrupları hakimiyyəti “DBMV-də dinc nümayişçilərin təqibinə” son qoymağı tələb edirlər.

9.5 milyon əhalisi olan, 30 ilə yaxındır Prezident Emomali Rahmonun idarə etdiyi Tacikistanda etirazlar nadir hadisə sayılır.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra bu vilayətdə beş il vətəndaş müharibəsi gedib. Münaqişə vaxtı vilayət hökumətə qarşı çıxanların sığınacağına çevrilib. Ölkənin təxminən yarısını tutmasına baxmayaraq, əhalisi cəmi 250 min nəfərdir. Dağlıq relyefli vilayətdə səyahət, həyat şəraiti çətindir, işsizlik baş alıb gedir, ərzaq qiymətləri bahadır.

 





19.05.2022    çap et  çap et