BRİCS üzvlərinin sayının artırılması Çinin nəyinə lazımdır?
Çinin xarici işlər naziri bu təklifin mahiyyətini belə izah edib ki, təşkilatın üzvlərinin sayının artırılması əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradacaq. Əslində isə Pekinin məqsədi başqadır.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Pekini qorxudub. Çin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Bu sanksiyalar həm Rusiya şirkətlərinə, həm də bu şirkətlərlə əməkdaşlıq edənlərə qarşı yönəlib. Buna görə də Çinin Rusiya ilə uzun illər əməkdaşlıq edən nəhəng şirkətləri çətin vəziyyətə düşüblər. Onlar bir tərəfdən Rusiya mal satmaqda davam etmək istəyir, digər tərəfdən isə ABŞ-ın sanksiyaları ilə üzləşmək istəmirlər. Bu ikisini bir arada tutmaq çətindir. Pekin ikisindən birini seçmək istəmir. Vaşinqton isə Pekini seçimə sürükləmək istəyir.
Pekində anlayırlar ki, Vaşinqton Rusiya ilə işi bitirdikdən sonra Çinə keçəcək. Pekin siyasi məkanda Amerika ilə mübarizə aparsa da, iqtisadi məkanda əməkdaşlıqdan qopa bilmir. Digər tərəfdən Çini Rusiya ilə bağlayan ortaq təşkilatlar mövcuddur. Bunlardan biri də BRİCS-dir. Bu təşkilat Şanxay Əməkdaşlıq Təşkilatı kimi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını şərtləndirir. Əks halda münasibətlərindəki problemlər səbəbindən Hindistanla Çin eyni təşkilatda yer almazdılar.
Pekin BRİCS üzvlərinin sayını artırmağı qarşısında hədəf qoymaqla Amerikanın Çinə qarşı təzyiqlərindən qurtulmaq istəyir. Ancaq BRİCS-ə yeni üzvlərin qəbulu Pekinə təhlükəsiz həyat vəd etməyəcək. Misal üçün Hindistan da BRİCS üzvüdür. Ancaq Hindistanın Çinlə təhlükəsizlik problemləri var və Dehli Vaşinqtonla əməkdaşlığa maraq göstərir. BRİCS-in digər üzvləri olan Braziliya və Cənubi Afrika Respublikası da Vaşinqtonla əməkdaşlığa maraq göstərirırlər. BRİCS-ə üzv ölkələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən məsafə saxlayırlar. İşğalçı müharibə Rusiyanın üzv olduğu bütün təşkilatları, o cümlədən BRİCS-i də zəiflədib. Çünki heç bir dövlət Rusiyanın işğalçı siyasətinə şərik olmaq istəmir.