Başlanılan cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan Respublikası vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.