Vaxt.Az

ABŞ Belarusa sanksiyaları qaldıra bilər


 

Nəyin müqabilində potaş gübrə sənayesinə altı aylığa güzəşt təklif olunur?

ABŞ Belarusa sanksiyaları qaldıra bilər Amerika Birləşmiş Ştatları Ukraynadan buğdanın Belarus ərazisindən dəmiryolu ilə Litvanın Klaypeda limanına ixracı marşrutunu nəzərdən keçirir. Bunun qarşılığında Belarus lideri Aleksandr Lukaşenkoya ölkənin potaş gübrə sənayesinə sanksiyaların altı aylığa qaldırılması təklif olunur. Bu haqda “Wall Street Journal” qəzeti yazır.

Vaşinqton potaşla bağlı sanksiyaları ötən il, Belarusun miqrasiya böhranı yaratması və ölkədə siyasi müxalifətə təzyiqinə cavab olaraq qoyub.

***

Rusiyanın fevralın 24-də Ukraynaya hücumu dünyada kəskin qiymət artımına səbəb olub. Ukrayna Qara dəniz limanlarına çıxışı itirdiyindən ölkədən buğda ixracı dayanıb. Beynəlxalq qurumlar inkişaf etməkdə olan ölkələrdə aclıq, bahalaşmanın kəskinləşməsi ilə bağlı xəbərdarlıq edirlər.

Moskvanın BMT-dəki səfiri Vasili Nebenzya isə dünən – mayın 19-da BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, ərzağın bahalaşmasına Qərbin Rusiyaya sanksiyaları və digər faktorlar səbəb olub, nəinki Ukraynada üç aya yaxındır gedən müharibə. Səfir Odessa və digər limanlardan buğdanın daşınması üzrə danışıqlar çağırışlarını da rədd edib.

“Wall Street Journal” yazır ki, Rusiyada son onillər məhsul yığımı artıb və indi Moskva ərzaqdan diplomatik təzyiq vasitəsi kimi istifadə edir.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken dünənki iclasda deyib ki, hazırda Ukraynada anbarlarda 20 milyon ton buğda var, dünyada isə ərzaq təchizatı tükənməkdədir.

Qəzetin bu həftənin bazar ertəsi yazdığına görə, BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna rəsmiləri ilə danışıqlar aparır, Ukraynadan buğda ixracına imkan verəcək dəniz yoluna nail olmaq istəyir. Bunun qarşılığında isə Rusiya və Belarusdan gübrə ixracını asanlaşdırmaq təklif olunur.

Dünyada ərzaq qıtlığı getdikcə daha da pisləşir. 50 milyonadək insanın aclıq astanasında olduğu deyilir. Artıq İndoneziya, Pakistan, Peru və Şri Lankada ərzağın bahalaşmasının iğtişaşlara, etirazlara yol açdığı xəbər verilir.

 





20.05.2022    çap et  çap et