Rəsmi Parisin illərdən bəri yürütdüyü və “ermənidən artıq erməni olmaq” siyasəti etrazlarımızla, bəyanatlarımızla dəyişən deyil.
Çünki Fransanın bölgədə maraqları var, həmin maraqların təminatı üçün istisnasız olaraq bütün, hətta ən çirkin vasitələrə və yollara da əl atır.
Tamam, bilirik.
Bu səbəbdən də Korsikadakı yerli əhalinin, yəni “corse”lərin milli müqəddəratlarını təyin etmək hüquqlarına dəstək verməyi düşünürəm.
İlkin olaraq Korsikanın şimalında - Bastiya və Kortada və cənubunda - Sartenada və Porto-Vekkoyadakı dialektlərin, ayaçço dialektinin, habelə “corso” dilinin sassar, liqur və qallur dialektlərinin qorunması üçün ictimai aksiyalara başlamaq gərəkdir.
Bakıda “corso”, yəni korsikalıların ana dilinin öyrənilməsi kursu yaratmaq da olar.
Sonra isə Korsikaya, bu adanın paytaxtı Ayaççoya səfərlər, orada FLNC-yə, yəni “Korsikanın Milli-Azadlıq Cəbhəsi”nə ( Fronte di Liberazione Naziunale Corsu, FLNC) dəstək bəyanatlarının səsləndirlməsi, Fransa polisi və hərbçiləri ilə döyüşlərdə həlak olmuş FLNC mənsublarının məzarlarına baş çəkilərək çiçəklər qoyulması, mətbuat konfransları, korsikalıların milli müqəddəratının təyini məsələsində onlarla bir olmağımızla bağlı açıqlama və s. də mümkündür.
Bakıda Korsika dil və ədəbiyyat günləri keçirmək, tədbirə Korsikanın tanınmamış parlamentinin mənsublarını da dəvət etmək olar.
Sonra Bakıda Korsika Mətbəxi Günləri, Korsika tarixinə həsr olunmuş konfrans da təşkil etmək olar.
Təbii, bütün bunlar ictimai əsaslarla, rəsmi qurumların iştirakı olmadan gerçəkləşdirilməli.
Daha sonra isə Korsikaya Yardım Marafonu da təşkil etmək mümkündür.
Rəsmi Paris etiraz edərsə, çağdaş geosiyasətdə hər nəsnənin reversiv olduğunu, yəni hər əməlin adekvat cavabının özünü çox gözlətməyəcəyini Fransa hakimiyyətinə xatırlatmaq olar.
İllah da ki, reversivlik və əməlin cavabı ilə bağlı ifadələr Fransanın dövlət başçısı Emmanuel Makrona məxsusdur. Biz, sadəcə onun dediklərini Parisə xatırlatmış olarıq.
Dìu vi salvi, Regina È Matre universale, Per qual favor si sallı À u paradisu. Per qual favor si sallì
À u paradisu.
Viva a Corsica! (Yaşasın Korsika)
P.S.: Necə deyərlər, he laughs best who laughs last… (əsl gülən sonuncu güləndir)