Vaxt.Az

3 aviaşirkətə sanksiya


 

Rusiya kampaniyaları 62 milyonluq mümkün gəlirdən məhrum olacaq

3 aviaşirkətə sanksiya Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə hökumətin saytında məlumat verilib. Sənəddə deyilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmayan yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt-sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq.

“Putin Ukraynaya vəhşicəsinə hücumunu davam etdirdikcə, biz Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Biz artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün onların hava limanlarımızdakı gəlirli yerlərini pula çevirməmələri üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə açıq mesajımızı gücləndirir: Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq”, - deyə Britaniyanın Xarici İşlər naziri Liz Trass bildirib.

Böyük Britaniya əvvəllər hava məkanını və sularını Rusiyaya bağlamışdı, həmçinin aviasiya məmulatları və texnologiyalarının ixracını qadağan etmişdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniya hakimiyyəti Rusiyadan olan 1000-dən çox fiziki şəxsə və 100-dən çox müəssisəyə qarşı sanksiyalar tətbiq edib.

Aprelin ortalarında Avropa İttifaqı “Aeroflot”, “Rossiya” və “Ural Airlines” da daxil olmaqla, təhlükəsizlik səbəbi ilə Rusiyanın 21 aviaşirkətini qara siyahıya salıb. Onlara Avropa İttifaqı ərazisi üzərindən uçmaq və Aİ ölkələrinin hava limanlarından istifadə etmək qadağandır.

 





20.05.2022    çap et  çap et