“Gasum” şirkətinin baş direktoru Miki Vilyanen deyib ki, şirkət belə bir vəziyyətə hazır idi.
Vilyanen izah edib ki, yay aylarında Finlandiyaya qaz Estoniyanın “Balticconnector” kəməri ilə veriləcək.
Şirkət rəhbərinin sözlərinə görə qaz yanacağının doldurulması məntəqələrində iş adi rejimdə davam etdiriləcək.
“Gasum” şirkəti mayın 17-də bildirmişdi ki, Rusiya qazı üçün ödənişləri “Gazprom” şirkətinin tələb etdiyi kimi rublla həyata keçirməyəcək.
Bu da xəbər verilirdi ki, “Gasum” şirkətinin Rusiya təchizatçısı ilə başqa problemləri də var.
“Gasum” kontrakt üzrə mübahisələrlə bağlı arbitraja müraciət edib.
Finlandiya artıq 45 il idi ki, Rusiyadan təbii qaz idxal edirdi.
2015-ci ilin dekabrında mövcud kontrakt 2031-ci ilin 31 dekabrınadək uzadılmışdı.
***
Rusiya prezidenti Vladimir Putinin sərəncamına uyğun olaraq Moskvanın nəzərində “dost olmayan” ölkələr qazpulunu yalnız rublla ödəməlidirlər.
Əslində isə söhbət bu məqsədlə “Gazprombank”da xüsusi ödəniş hesablarının açılmasından gedir.
Qaz müştərisi olan ölkələr əvvəllər olduğu kimi qaz üçün pulu avro və dollarla məhz “Gazprombank”a ödəməlidirilər.
Burada həmin valyutalar Moskvanın müəyyən etdiyi məzənnə ilə rubla çevrilir.
Putinin sərəncamında deyilirdi ki, qazpulunu rublla ödəməkdən imtina edən şirkət və ölkələrin təchizatı dayandırılacaq.
“Gazprom” ödənişləri rublla etməkdən imtina edən Polşa və Bolqarıstanın qazını kəsib.
Finlandiya onilliklər davam edən neytrallıq siyasətindən sonra NATO-ya üzvlük üçün müraciət edib.
Bu da qeyd olunur ki, təbii qaz Finlandiyanın enerji istehlakı balansında 6 faiz təşkil edir.
Bu səbəbdən də Finlandiya Rusiya qazının təchizatının dayandırılmasını başqa Avropa ölkələri kimi ağrılı keçirməyəcək.