Digər tərəfdən Azərbaycanın ixracatının əsas istiqaməti Avropa İttifaqı dövlətlərinə yönəlib. Buna görə də indiki halda Bakı və İrəvan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi qəbul etmək məcburiyyətindədirlər. Ancaq problem ondadır ki, Ukrayna müharibəsinə görə Moskva ilə Brüssel arasında münasibətlər gərgindir və Kreml Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasını istəmir, bunu Rusiya əleyhinə yönəlimiş siyasət kimi dəyərləndirir.
Bakı və İrəvan üçün digər bir problem ondadır ki, həm Brüssel, həm də Moskva eyni işlə məşğuldurlar, hər ikisi Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişinin imzalanmasıyla bağlı vasitəçilik edirlər. Normalda Brüssellə Moskvanın bu 3 məsələdə mövqeləri eynidirsə, Azərbaycanla Ermənistanı barışdırmaq üçün birgə çalışmalıydılar. Sadəcə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil. Belə olan halda da Moskva və Brüssel vasitəçilik uğrunda bir-birləriylə mübarizəni davam etdirəcəklər. Bu isə ümumi işə zərər verəcək.