“Rusiya Ukrayna ilə yalnız ideoloji döyüş aparmır. Rusiya həmçinin Ukraynanın taxıl ixracı infrastrukturunu məhv edir”, – deyə Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak “Current Time” televiziya kanalına bildirib: “Rusiyanın müharibədə ilkin məqsədlərindən biri bu infrastruktura zərbə vuraraq, Ukraynanın potensialını öldürməkdir”.
Rusiyanın Ukraynaya hücumunun təsirləri hər iki ölkədən uzaqlarda olan ərazilərdə də hiss edilməkdədir. Ukraynanın kənd təsərrüfatı sənayesinin dağıdılması qlobal səviyyədə buğda, günəbaxan yağı və qarğıdalı kimi əsas məhsulların qıtlığına səbəb olub.
Rusiya gəmiləri tərəfindən blokada və dəniz minalarına görə Ukrayna taxılı ölkə üzrə anbarlarda və Odessa kimi liman şəhərlərində ilişib qalıb.
Müharibə qiymətlərin artımına və inkişaf etməkdə olan ölkələrdə qida çatışmazlığına səbəb ola biləcəyindən BMT-nin Dünya Qida Proqramı Ukrayna kənd təsərrüfatı məhsullarının bazara çıxarıla bilməsi üçün Moskvaya liman şəhərlərinin blokadadan çıxarılması üçün müraciət edib.
Bu müraciətə cavab olaraq mayın 19-u Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, limanlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların qaldırılacağı halda açıla bilər.