Vaxt.Az

“Çoxdan çox” ...


 

... Yaxud necə “yaxşı rus” olmaq barədə düşüncələr

“Çoxdan çox” ... Bu günlərdə Berlində Ukraynaya dəstək aksiyası kimi ədəbi-bədii-musiqi gecəsi keçirildi. Bir neçə ukraynalı bəstəkar dostumun əsəri orada səsləndi. Çox təsirli və emosional bir axşam idi. Qonaq qismində gələnlər arasında bir gənc xanım da vardı. Bilməyərəkdən soruşanda ki, “Siz də Kiyevdən gəlmisinizmi?”, qız başını əllərilə tutub aşağı saldı, boğuq səslə: “Yox, Moskvadan” dedi. Doğrusu pərt oldum bir az, kimsənin könlünə dəymək fikrim yox idi.

Tədbir bitəndən sonra foyedə davam etdik. Musiqiçilər-yazarlar söhbətləşdik. Dediyim kimi çox böyük bir emosional dalğa vardı. Hətta bir alman şairəsi ağladı da... Söhbət əsnasında rus xanımdan Almaniyaya hansı marşrutla gəlməsini sordum. Dedi ki, birbaşa mümkünsüz kimidir. İlk öncə İrəvana gedibmiş, oradan da Polşaya və nəhayət bura. Maraqlı gəldi, sordum ki, “İrəvanda eşitdiyim qədəri hazırda çoxlu Rusiyadan köçən var?”

Cavabında “Hə, çoxdan çox” - dedi, kiçik bir pauzadan sonra isə inamsızlıqla əlavə etdi ki: “... Bilmirəm, kollektiv cavabdehlik hissi...”

Ağır idi. Əlbəttə mən də, başqaları da dedik ki, kollektiv məsuliyyətdən söz gedə bilməz, adi insanların təqsiri nədir axı. Amma xanımın emosional halını anlayırdım. Mənsub olduğun ölkənin bəşəri cinayətlərə imza atması və tarixin doğru olmayan tərəfində yer alması çox-çox dəhşətli, insanın özünü günahkar duyması kimi ağır və acı bir hissdir, hərçənd ki, bu gənc xanımın təbii ki, heç bir suçu yox idi. 

Eynisi bu günlərdə Vilnüsdə keçirilən “Müharibə əleyhinə konfrans” zamanı hiss edildi, orada dabbaqda gönünə yaxşı bələd olduğumuz rus liberalları yığışmışdı, Putinin Ukraynadakı fiaskosunu və necə “yaxşı rus” olmaq barədə düşünürdülər. Şərhsiz. 

Bir dəfə yazmışdım, bir daha deyim - Azərbaycan tarixin doğru tərəfindədir. Bu səbəbdən biz başı uca və alnı açıq gəzə bilirik.

 





22.05.2022    çap et  çap et