Bu gün AGD adından dünya azərbaycanlılarına, o cümlədən Almaniyada yaşayan soydaşlarımıza müraciət ünvanlanıb:
“Əziz həmvətənlilər,
Böyük qürur və sevinc hissi ilə bölüşmək istəyirik ki, 22 may 2022-ci ildə Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Almaniyadakı Azərbaycan İcması” (AGD –Aserbaidschanische Gemeinde in Deutschland e.V.) ictimai birliyinin təsis toplantısı baş tutdu.
Yığıncaqda iştirakçılar Almaniyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək fəaliyyət istiqaməti Almaniyada Azərbaycan mədəniyyəti və tarixinin təqdimatı, mədəni əlaqələrin gücləndirilməsi, Almaniyada yaşayan azərbaycanlıların şəbəkələşməsi, bu ölkəyə inteqrasiyası və həmçinin yerli alman təşkilatları ilə əməkdaşlıq sahələrini əhatə edəcək cəmiyyəti təsis etdilər.
Təsis toplantısında AGD-nin nizamnaməsi qəbul edildi, habelə təşkilatın idarə heyəti səsvermə ilə müəyyənləşdirildi. İdarə Heyətinin Qurban Məmmədov (sədr), Dr. Fərhad Cəfərli (sədr müavini), Nərmin Əbilova (katib), Ofeliya Babayeva Ergün, Dr. Qurban Ələkbərov, Elşən İsmayıl və Fəxrəddin Hacıbəylidən ibarət komanda ilə fəaliyyətə başlamasına qərar verildi.
Əziz soydaşlar, AGD-nin yaradılması münasibətilə hər birinizi təbrik edir, Vətənimizə və millətimizə xeyirli, uğurlu olmasını arzu edirik.
Almaniyada yaşayan bütün həmvətənlərimizi AGD-nin gələcək fəaliyyətinə qoşulmağa və fəal olmağa səsləyirik”.
Vaxt.Az təşkilatın idarə heyətini formalaşdırarkən gender bərabərliyinə böyük önəm verən Almaniyadakı Azərbaycan İcmasına uğurlar arzulayır. Saytımız öz növbəsində, təmənnasız olaraq, AGD-yə informasiya dəstəyi göstərəcəyini və qurumun fəaliyyətinin işıqlandırlmasına önəm verəcəyini vəd edir.