Bu sensasion məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz «Facebook» səhifəsində yayıb.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edir: «O da dərhal özünü «ağıllı və tədbirli» göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Yəqin ki hamınızın bundan xəbəri var. Bizim generallarımız mat qalıblar ki, onların qapalı yerdə danışdıqları sözlər ən xırda detallarına kimi Ermənistana görəsən necə məlum olub. Sonradan məlum olub ki, bütün müşavirə mobil telefon vasitəsilə düşmən tərəfdən yazılıb və deşifrə olunub».
Ü.Cəfərov qeyd edir ki, bundan sonra, «döyüş görmüş naziri» əmr verib ki, MN-də xidmət zamanı mobil telefon işlətmək qadağandır: «İndi MN sistemində çox «operativ» iş üslubu mövcuddur. Səhər xidmətə gələndə bütün şəxsi heyətdən mobil telefonlar məcburi yığılır. Amma, bir neçə nəfər bu telefondan istifadə etmək hüququnu özündə saxlayır. Onların kimliyini isə MN-də gözəl bilirlər».
Hərbi ekspert hesab edir ki, ən vacib qərarları və hərbi sirləri qorumaq üçün aşağı rütbəli zabit və gizirlərdən, o cümlədən əsgər və ya çavuşlardan telefonu yığmaq, yüksək rütbəli zabitlərə isə belə bir imtiyaz tanımaq effektsizdir.