Vaxt.Az

Bayramov və Lavrov telefonda danışıb


 

İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşündən bir gün sonra ...

Bayramov və Lavrov telefonda danışıb Bu gün, mayın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında nazirlər bölgədə vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

“Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – nazirlik qeyd edir.

Bir gün əvvəl, mayın 22-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və onların kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləməsi kimi məsələlər müzakirə edilmişdi.

Bu formatda bundan əvvəl, aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Amma İkinci Qarabağ Müharibəsindən sonra iki ölkə arasında aparılan danışıqlara əsasən Rusiya vasitəçilik edib.

 





23.05.2022    çap et  çap et