Hüquqşünas, insan haqları müdafiəçisi və “UN Watch” təşkilatının icraçı direktoru Hilel Noyer Bondarevin istefa ərizəsini özünün “Twitter” hesabında paylaşıb.
Ərizədə deyilir: “Diplomat karyeramın 20 ili ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, amma mən 24 fevralda olduğu qədər öz ölkəm üçün xəcalət çəkməmişəm”.
***
Diplomatın sözlərinə görə Putinin başlatdığı “təcavüzkar müharibə” yalnız Ukrayna xalqına deyil, həm də Rusiya xalqına qarşı cinayətdir: “Bu müharibəni başlayanların yalnız bircə istəyi var – həmişəlik hakimiyyətdə qalmaq”.
Noyer öz növbəsində bildirib ki, onun “UN Watch” təşkilatı bütün Rusiya diplomatlarını Bondarevdən nümunə götürməyə və istefa verməyə çağırıb.
BMT-nin Cenevrə şöbəsinin saytındakı məlumata görə Bondarev Rusiya səfirliyində müşavir vəzifəsini tuturdu.
***
Diplomat yazır ki, bu vəzifədə 20 il fəaliyyət göstərib: “Təəssüf ki, bu 20 il ərzində Rusiya XİN-nin işində yalan və qeyri-peşəkarlıq yüksəlişdə olub”.
Bondarevin sözlərinə görə Rusiya XİN artıq diplomatiya ilə məşğul olmur və yalnız “yalanlar yayır və müharibə qızışdırır”.
Diplomat qeyd edir ki, bu aqressiv siyasətlərinə görə daha Moskvanın müttəfiqi qalmayıb.
Bondarev sonda bildirir ki, əlbəttə karyerasını davam etdirmək istərdi, amma indiki vəziyyətdə dövlət xidmətində qalmaq vətənə xəyanətə bərabərdir.
“Associated Press” agentliyi yazır ki, Boris Bondarev ehtimal ki, Ukrayna müharibəsinə etiraz olaraq istefa verən ilk Rusiya diplomatıdır.
“Kommersant” qəzeti yazır ki, redaksiyaya müharibə ilə bağlı istefa verən bir neçə başqa diplomatların adları məlumdur, amma onlar bunu ictimailəşdirməyiblər.