Vaxt.Az

8 kənd qaytarılır


 

Türkiyə nəticələrdən məmnundur

8 kənd qaytarılır Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdən sonra sülhün sərhədlərinə bir addım da yaxınlaşma müşahidə olundu.

Belə ki:

1. İlham Əliyevin sərəncamı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı,

2. Nikol Paşinyaın fərmanı ilə də Ermənistan tərəfi analoji komissiya yaratdı.

Azərbaycanın yaratdığı komissiyanın tərkibi daha genişdir və bu, onu deməyə əsas verir ki, rəsmi Bakı sərhədlərə dair bir qarış ərazini, su resurslarını, meşə ərazilərini cüzi də güzəştə getməyəcək.

Komissiyanın tərkibi Ermənistanla dövlət sərhədinin bütün istiqamətləri üzrə detallı plan hazırlayacaq və delimitasiya həmin şərtlər əsasında aparılacaq.

Komissiyanın tərkibinə nəzər saldıqda, bu mövqeyi səsləndirmək üçün güclü əsas yaranır ki, Qazaxın 7 kəndi və Naxçıvandakı Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq.

Bundan başqa, sərhədboyunda yerləşən elə nöqtələr də var ki, onların da Azərbaycanın ərazisi kimi rəsmiləşəcəyini deyə bilərik.

Komissiyaların iclaslarında həmin mövzular incəliyinə qədər müzakirə predmeti olacaq və sonrakı gedişatlar da həmin danışıqlarda əldə edilən razılıqlar üzərində cərəyan edəcək.

Brüssel danışıqları, hər iki tərəfin komissiya yaratması fonunda iki informasiya da diqqət mərkəzinə gəlir. Zamanlama baxımından onları təqdim edirik:

1. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın baş diplomatı Sergey Lavrovla zəng diplomatiyasını həyata keçirdi,

2. Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu.

Rusiya razılaşmaların ümumi ruhundan narahat deyil, ola bilsin ki, detallarda hansısa mübahisəli məsələlər görür (bu da sırf  həmin razılıqların Qərbin təşəbbüsü ilə baş tutmasına görədir), lakin bu, gedişata xələl gətirmir.

Ermənistanın hazırda Rusiyadan başqa ağız açacağı ölkə yoxdur, ona görə də, İrəvan Brüssel danışıqlarından sonra “dəvədən də tük qənimətdir” prinsipi ilə Moskvadan mədət umur.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla danışmasına gəlincə, bu, onu göstərir ki, Azərbaycan bütün razılaşmaları strateji müttəfiqlik xarakterindən irəli gələrək Türkiyənin maraqları uyğunlaşdırır və liderlər nəticələri birgə proqnozlaşdırırlar.

Türkiyə Prezidenti üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Yəni, Türkiyə əldə edilən razılıqları özünün maraqları ilə tam uyğunluğunu qeyd edir.

Əliyev Ərdoğanla danışığında Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Bu dəfə Zəngəzur dəhlizinin açılması ilə sərhədlərin delimitasiyası ilə paralel aparılacaq, daha doğrusu Zəngəzur koridoru sərhədlərin müəyyənləşməsi kontekstinin içərisinə salınacaq.

Ermənistanın üçün böyükmiqyaslı təxribat üçün heç bir ayaq yeri qalmır, lokal insidentlərin olması ehtimalını isə istisna etmək olmaz.

Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə isə hər iddiaları isə nəzəri olaraq da qeybə çəkilir...

 





24.05.2022    çap et  çap et