Vaxt.Az

“... Gec-tez açılacaq”


 

Tayvan – Çin üçün divardan asılan tüfəng

“... Gec-tez açılacaq” Rusiyanın Ukraynaya aşkar hərbi müdaxiləsi dünyada yeni siyasi mənzərə yaradıb. “Kim kimin marağını müdafiə edir” prinsipi əsasında cəbhələşmə baş verib. 40 dövlət Ukraynanı müdafiə edir, ona açıq-aşkar yardım göstərir. Rusiyanı isə ən çox Çin müdafiə edir. Rəsmi Pekin Ukraynanın həm ərazi bütövlüyünü tanıdığını bildirir, həm də Rusiyanın təhlükəsizliklə bağlı irəli sürdüyü yarımçıq iddianı dəstəkləyir. Bundan başqa, Ukrayna məsələsində anti-Rusiya koalisiyasının sanksiyalarına qoşulmur, əksinə, bu ölkədən neft ixracını artırır, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirir.

Əslində, Çin ərazi bütövlüyünün təmin olunması iddiası ilə çıxış edir. Bu istiqamətdə Tayvanı davamlı olaraq hərbi müdaxilə ilə hədələyir. Rəsmi Pekin Rusiyanı dəstəkləməkdə davam edərsə, perspektivdə Çinin adaya müdaxiləsi də baş verə bilər. Bu halda Çinin Rusiyanın vəziyyətinə düşməsi ehtimalı az deyil. Odur ki, Çinlə Rusiyanı, Ukrayna ilə Tayvanı qısa müqayisə edək. Çinin iqtisadiyyatı Rusiyanınkından dəfələrlə böyükdür. Rəsmi Pekin Tayvanı öz ərazisi sayır, onu materikə birləşdirmək istəyir. Çinin hədəfi dünyanın bir nömrəli iqtisadiyyatına malik olmaqdır və bir çox parametrlər üzrə buna nail olub. Hətta tezliklə ABŞ-ı keçəcəyi ehtimal edilir. Çinin dünya ilə iqtisadi əlaqələri daha genişdir. Bu ölkə yüksək texnologiyaya malikdir. Rusiya isə Qərb dövlətləri, Yaponiya, Cənubi Koreya, Çin və başqalarının məhsullarını lisenziya ilə istehsal edir, yəni daha çox istehlakçı dövlətdir. Bu ölkənin iqtisadiyyatı neft, təbii qaz və silah satışından əldə edilən gəlir hesabına formalaşır. Bir sözlə, Çin bütün göstəriciləri ilə Rusiyadan güclüdür.

Ukrayna müstəqil dövlətdir. BMT-nin üzvüdür. Beynəlxalq ictimaiyyət onu mövcud ərazisi ilə tanıyır. Tayvan isə özünü 1911-ci ildən müstəqil elan edib. Öz konstitusiyası və hakimiyyəti var. Tayvan Çinin ərazisinə iddia etsə də, dünya gücləri onu hələ də tanımır. Ukraynaya qarşı hərbi əməliyyat təcavüz və işğaldır. Çin Tayvana hücuma keçərsə, bunu ərazi bütövlüyünün bərpası kimi qələmə verə bilər. Bu halda ABŞ və onun müttəfiqlərinin mövqeyi daha həlledici olacaq. Həmin vaxt Çin də təklənə bilər. Çünki Ukraynadakı müharibədən zəif düşən Rusiya Çinə yardım etməkdə çətinlik çəkəcək. Qərb Ukrayna məsələsində Rusiyaya qarşı birləşərək onun suverenliyi və ərazi bütövlüyünü müdafiə edir. Rusiya hazırda çətin vəziyyətə düşüb. Vəziyyətinin daha da ağırlaşacağı istisna deyil.

ABŞ Prezidenti Cozef Baydenin bu günlərdə Çinlə bağlı verdiyi açıqlama da maraqlıdır. O bildirib ki, Çin adaya hücum edərsə, Tayvanı müdafiə edəcəklər. Rəsmi Vaşinqtonun adadakı “hakimiyyətlə” diplomatik münasibəti olmasa da, onu dəstəkləyir, silah və hərbi texnika ilə yardım edir. Digər tərəfdən, ABŞ “vahid Çin” siyasətinə də sadiq qaldığını bildirir. Görünür, Ağ evin rəsmi Pekinə münasibəti birmənalı deyil, təzadlıdır. Odur ki, Tayvan məsələsində ABŞ-ın Çinə münasibətinin sürüşkən olduğunu da ehtimal etmək olar. Bayden Yaponiyaya səfəri zamanı onu da bildirib ki, Çin Tayvana münasibətdə “təhlükəli oyun” oynayır. Ağ Evin indiki sahibinin sözlərinə görə, ABŞ-ın öhdəliyi var: “Amerikalılar Rusiyanın Ukraynaya hücumunda bunu etmədi. Ancaq Çinin hərbi müdaxiləsi baş verərsə, Tayvanı hərbi vasitələrlə müdafiə edəcək”.

İndi növbə Çinindir. ABŞ bu ölkəyə yaxın regionda hərbi fəallığını və mövcudluğunu artırır. Çinin dostu olmayan ölkələrlə hərbi sahə də daxil olmaqla bütün istiqamətlərdə münasibətləri və əlaqələri genişləndirir. Tayvana amerikalı rəsmilər və hərbi rəhbərlər səfərlər edir, regionda hərbi manevrlər keçirir və s. Bununla yanaşı, Çini Rusiyaya qarşı sanksiyaya qoşulmağa da çağırır. ABŞ bildirir ki, rəsmi Pekin bu siyasətini davam etdirərsə, Çin iqtisadiyyatına qarşı da məhdudlaşdırıcı tədbirlər görüləcək.

ABŞ-ın regiondakı davranışı Çinə xoş gəlmir və qıcıqlanır. O, bunların qarşılığında təmkin nümayiş etdirməyə çalışır. Ancaq səbrinin də bir həddi olduğu istisna deyil. Odur ki, gələcəkdə anti-Rusiya koalisiyası anti-Çin kimi də fəaliyyət göstərə bilər. Bu baxımdan, rəsmi Pekinə verilən möhlət də sanki daralır. Bu səbəbdən ehtimal etmək olar ki, Çin ya Rusiyaya qarşı sanksiyalara qoşulacaq, yaxud azından ilkin mərhələdə iqtisadi-ticarət əlaqələrini azaldacaq, ya da Tayvanı birdəfəlik itirməyə hazılaşacaq. Dünyanın indiki dönəmində Çinin müharibə aparan tərəflərdən biri olacağı ağlabatan görünmür. Bu savaş baş verərsə, xalq respublikası təkcə torpaq itirməyəcək, iqtisadiyyatı da çökəcək.

Nəhayət, Çinin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe ziddiyyətlidir. Çünki beynəlxalq ictimaiyyətdən öz ərazi bütövlüyünün təmin olunmasına yardım edilməsini istəyən, yaxud bu istiqamətdə mövqeyini dəyişməyən rəsmi Pekin Ukraynanın ərazi bütövlüyünün pozulmasına dəstək verir. Bu şəraitdə beynəlxalq ictimaiyyətin Çin Xalq Respublikasına qarşı atacağı addıma Pekinin və dostlarının antitezis qoyması çətinləşəcək. Ona görə də hesab etmək olar ki, Tayvan rəsmi Pekin üçün yaxın dövrdə daha sərt başağrısına çevrilə bilər. Necə deyərlər, “Divardan tüfəng asılıbsa, o, gec-tez açılacaq”. Tayvan Çin üçün divardan asılan tüfəngdir...

 





25.05.2022    çap et  çap et