Vaxt.Az

Çavuşoğlu İsrailə gedib


 

Bu Türkiyə XİN rəhbərinin Tel-Əvivə ilk rəsmi səfəridir

Çavuşoğlu İsrailə gedib Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlu son 15 ildə Türkiyə rəsmisinin İsrailə ilk səfərini həyata keçirərək İsrailin xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparıb.

Ötən gün Çavuşoğlu Fələstin administrasiyası rəhbərliyi ilə görüşüb.

Çavuşoğlu israilli həmkarı ilə danışıqlardan sonra keçirilmiş birgə mətbuat konfransında iştirak edib.

Xarici işlər nazirləri iki ölkə arasında keçmiş fikir ayrılıqlarına baxmayaraq, danışıqların müsbət keçdiyini, münasibətlərin inkişafına dair konstruktiv danışıqların aparıldığını bildiriblər.

“Fərqlərimizə baxmayaraq, davamlı dialoq davam etməlidir. Bu, təkcə bizim üçün deyil, həm də regionda sülh üçün vacibdir. Biz bir çox sahələrdə əlaqələrimizi bərpa etmək və mülki aviasiya ilə bağlı danışıqları bərpa etmək qərarına gəldik”, – Çavuşoğlu deyib.

Fələstin-İsrail münasibətlərinə toxunan Türkiyə XİN başçısı qeyd edib ki, Ankara  “BMT parametrləri çərçivəsində iki dövlətli həlli” sülhün yeganə yolu sayır.

Yair Lapid Türkiyənin İsraili tanıyan ilk müsəlman dövləti olduğunu xatırladıb.

“Məqsədimiz ölkələrimizin qarşılıqlı üstünlüklərindən faydalanmaqdır. İsraillilər Türkiyəni çox sevir. İsraildən Türkiyəyə çoxlu sayda təyyarə yollanır. Bu gün biz münasibətlərimiz üçün yeni çərçivə yaratmışıq. Uşaqlarımız bundan gələcəkdə faydalanacaqlar”, – İsrail XİN başçısı deyib.

 





25.05.2022    çap et  çap et