Yeri gəlmişkən, Boris Bondarev artıq bir neçə media orqanına, o cümlədən Britaniyanın The Telegraph qəzetinə müsahibə verib və o, Putinin Ukraynanın işğalı əmrindən sonra xaricdə Rusiyanı təmsil etməkdən "iyrəndiyini" bildirib. Həmçinin, nüvə silahının yayılmaması məsələləri ilə məşğul olan Bondarev Rusiya rəsmilərinin bu cür silahların istifadəsi barədə nə qədər boş danışmağa başlamasından “dəhşətə gəldiyini” söyləyib. Bondarevin sözlərinə görə, o, müharibə başlayandan sonra istefa verməyə qərar verən yeganə rus diplomatı deyil. Bondarev deyib ki, onun bir neçə tanışı sakitcə Xarici İşlər Nazirliyindən istefa verib, belə ki, hətta ictimai məkanda döyüşçü ritorikasına sadiq qalanlar da şəxsi söhbətlərində Ukraynadakı amansız müharibədən və Xarici İşlər Nazirliyinin müharibə cinayətləri üçün bəhanələr uydurmaqla məşğul olmasından şoka düşdüklərini etiraf edirlər. “Rusiya prezidenti bu ölkədə yeganə “diplomat” olduğu halda bizim işimizin nə mənası var və o, “daha yaxşı bilir”? – deyə Bondarev bildirib. BBC Rus Xidmətinə müsahibəsində Bondarev ona satqın adlandırılmaqdan qorxduğunu soruşduqda belə cavab verib: “Düşünürəm ki, onlar məni artıq belə hesab edirlər”.
Xarici İşlər Nazirliyinin müxtəlif səviyyəli əməkdaşlarının kütləvi şəkildə ölkədən getməsinin ölkənin beynəlxalq imicinə ciddi zərbə olduğunu başa düşmək üçün böyük analitik olmaq lazım deyil və belə bir vəziyyət həqiqətən də baş verirsə, o zaman daxili siyasi gündəm, ən azı elitalarda, tektonik dəyişikliklərə məruz qalacaq. Putin bu perspektivdən məəttəl qalıb və çox güman ki, yaxın günlərdə Lavrov ciddi söhbətə çağırılacaq. Ancaq söhbət söhbətdir və problemin həlli yolu deyil. Müharibə zamanı Xarici İşlər Nazirliyində təmizləmələr aparmaq Putinin cəsarət edə bilməyəcəyi axmaqlıqdır, xüsusən ona görə ki, hətta repressiya işarəsi belə diplomatik korpusun daha kütləvi şəkildə qaçmasına səbəb olacaq. İstefa arzusunda olan və son iki ildə Putindən ən azı beş dəfə təqaüdə çıxmasını istəyən Lavrovun özü heç nəyi riskə atmır. İndiki zamanda Rusiya diplomatiyası gözlənilməz nəticələri ilə Putini hakimiyyətdə olduğu bütün illər ərzində ən böyük bəla ilə üzləşdirə bilər. Putin Rusiya diplomatiyasını təbliğata çevirərək məhv edib və prezidentin “sərxoş sifətli qadın” adlandırdığı alkoqol düşkünü Maşa Zaxarovanın “Xarici İşlər Nazirliyinin siması” təyin edilməsi isə diplomatlara təhqir kimi görünür. Uzun illər ərzində “yaxın xarici”, yəni, əsasən MDB ölkələrini şantaj etməklə məşğul olan rus diplomatiyası indi özü çıxılmaz vəziyyətlə üz-üzədir. Necə deyərlər, nə əkərsən, onu da biçərsən...