Vaxt.Az

Texasda məktəbdə 21 nəfər öldürülüb


 

Qanlı faciə ştat tarixinə ən çox qurbanla nəticələnmiş hücum kimi düşüb

Texasda məktəbdə 21 nəfər öldürülüb ABŞ-ın Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbə silahlı hücumda 19-u uşaq olmaqla 21 nəfər öldürülüb. Şübhəlinin hadisə yerində polis tərəfindən zərərsizləşdiyi xəbər verilir.

İnsident mayın 24-də axşam baş verib. Ştatın qubernatoru Qreq Ebbotun sözlərinə görə, silahlı binaya daxil olaraq atəş açmağa başlayıb.

Məktəbdə 7-10 yaşlı uşaqlar təhsil alır. Şübhəlinin 18 yaşı olub.

Azı 15 nəfərin xəsarət aldığı bildirilir.

Silahlının Yuvalde sakini Salvador Ramos olduğu müəyyənləşdirilib. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib. Hücumun motivləri bəlli deyil.

“The Texas Tribune” yazır ki, şəhər sakinləri və məktəbdə təhsil alanların əksəriyyəti ispan mənşəli, şagirdlərin çoxu aztəminatlı ailələrdəndir.

Bu hadisə ştat tarixinə ən çox qurbanla nəticələnmiş hücum kimi düşüb. 1966-cı ildə Ostindəki Texas universitetində silahlı 16 nəfərin həyatına son qoyub. 2018-ci ildə isə Santa Fedə orta məktəbdə atışmada 10 nəfər öldürülüb.

 





25.05.2022    çap et  çap et