Tibbi müalicə üçün məzuniyyətə buraxılan türk siyasi məhbus Abbas Lisaninin mayın 23-də aldığı məhkəmə vərəqəsi əsasında 5 gün ərzində tibbi ekspertiza idarəsinə yönləndirilməsi üçün məhkəməyə müraciət etməsi istənilib.
Ərdəbil İnqilab Məhkəməsi tərəfindən milli fəalın çağırılmasının səbəbi hələ ki, məlum deyil.
Telegram xəbər kanalında həmin xəbərdə güneyli siyasi məhbusun məzuniyyət müddəti bitmədən məhkəməyə çağırılması “qeyri-adi” olaraq dəyərləndirilib. Azərbaycanlı siyasi məhbus fevralın 13-də tibbi ekspert komissiyasının rəyi ilə 6 ay müddətində həbsxanadan kənar müalicə almaq üçün məzuniyyətə buraxılıb.
Təqribən 3 ay məzuniyyət müddətində qalan siyasi məhbusun müalicəsi Təbrizdə keçirilib. Lisani aprelin 9-da Təbrizin Vəliəsr xəstəxanasında əməliyyat olunub. O, aprelin 25-də ikinci dəfə olaraq Təbrizdə müalicə olunub. Əməliyyatdan sonra onun müalicə prosesi davam edir.
Güneyli siyasi məhbusun məzuniyyətə çıxmasından sonra milli fəallar Güney Azərbaycanının müxtəlif şəhərlərindən onun görüşünə gedib.
Abbas Lisani Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkməkdədir. O bundan əvvəl dəfələrlə İranda azlıqda olan Azərbaycan türk icmasının haqlarını müdafiə etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, məhkəmə tərəfindən uzunmüddətli həbs və sürgün cəzalarına məhkum edilib.