Vaxt.Az

Abbas Lisani yenə əməliyyat olundu


 

Tanınmış siyasi məhbus bel ağrılarından əziyyət çəkir

Abbas Lisani yenə əməliyyat olundu Tanınmış siyasi məhbus Abbas Lisani ikinci dəfə bel nahiyəsindən əməliyyat olunub. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Lisani mayın 24-də Təbrizin Vəliəsr xəstəxanasında lomber disk əməliyyatı keçirib.

O, bundan əvvəl aprelin 9-da bel nahiyəsindən əməliyyat olunmuşdu. Həkimlər tərəfindən bir ay istirahətdən sonra yenidən müalicə prosesinin davamı üçün müayinə olunacağı bildirilmişdi.

Təbrizdə Vəliəsr xəstəxanasının həkimləri milli fəalın müalicəsi üçün ozon terapiya və lazer terapiyası tətbiq edir.

Tibbi ekspert komissiyasının təsdiqi ilə fevralın 13-də müalicə üçün 6 aylıq məzuniyyətə çıxan türk siyasi məhbus Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkməkdədir. Cənab Lisani 2019-cu ilin yanvar ayından həbsdə saxlanılır.

Ərdəbilli türk fəal həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən "milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qrup təşkil etmək" ittihamından suçlanaraq, 8 il həbs və 2 il sürgün cəzasına məhkum edildi. İlkin məhkəmənin hökmü ilə əlaqədar Apellyasiya Məhkəməsinə şikayət edən fəalın həbs müddəti 15 ilə artırılıb.

İranda azərbaycanlı türk icmasının haqlarını müdafiə edən siyasi fəal bundan öncə dəfələrlə uzunmüddətli həbs və sürgün cəzalarına məhkum edilib.

 





27.05.2022    çap et  çap et