Vaxt.Az

İstiqlal bayramı – Müstəqillik Günümüz mübarək!


 

23 aylıq Cümhuriyyətin 104 yaşı

İstiqlal bayramı – Müstəqillik Günümüz mübarək! Azərbaycanın istiqlal və istiqbal düşüncəli aydınlarının xalqımızın və ümumilikdə müsəlman Şərq dünyasının tarixinə bəxş etdikləri ilk Cümhuriyyətin yaranmasından 104 il ötür.

1918-ci ilin 28 Mayı milli dövlətçilik tariximizin ən şanlı səhifəsidir. Bu günü 104 il əvvəl tariximizə yazan, yox yerdə bir dövlət bina edən işıqlı, vətənsevər, fədakar insanları bir daha minnətdarlıqla yad edirik.

Cümhuriyyətimiz o dövrün regional və beynəlxalq siyasi reallıqları şəraitində cəmi 23 ay ömür sürsə də, tariximizdə silinməz izlər qoydu. 70 illik sovet ideologiyası bu izlərin üstünü örtsə belə...

Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə onun süqutundan illər sonra nisgilini ifadə edərkən gələcəyə ümidini itirməmişdi. 1918-ci ildə səpilən istiqlal toxumunun bir gün yenə cücərəcəyinə inanırdı...

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.

“Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir...” – müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev Cümhuriyyətin tariximizdəki yerinə qiyməti bu sözlərlə vermişdi.

Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası özünün ən böyük gününü – İstiqlal bayramını ikinci ildir sərhədlərinin bütövlüyünü təmin etmiş, suveren haqlarını, güc və qüdrətini dünyaya nümayiş etdirmiş dövlət olaraq qeyd edir.

“Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” – Prezident İlham Əliyev bu sözləri Cümhuriyyətin 100 illik yubiley mərasimində bildirmişdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun rəşadəti, şəhid və qazilərimizin canı-qanı bahasına qazanılan Zəfərdən sonra həmin sözlər daha böyük anlam kəsb edir.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

 





28.05.2022    çap et  çap et