“Bloomberg” telekanalına müsahibəsində Britaniya baş naziri Ukraynanı Putinlə danışıqlara çağıran bir sıra başqa Avropa liderlərindən fərqli olaraq deyib ki, hazırda Moskva ilə hər hansı danışıqlar Ukraynanın ərazilərini itirməsi ilə nəticələnə bilər: “Sol ayağınızın yarısını çeynəməkdə olan timsahla nə sövdələşmə ola bilər?”
Conson bildirib ki, Rusiya prezidentinə qətiyyən etibar edilməməlidir.
Donbas regionuna nəhəng canlı qüvvə və hərbi texnika gətirməklə irəliləməyə çalışan Rusiyanın qarşısını almaq üçün Ukrayna bir xeyli müddətdir ki, Qərbdən MLRS sisteminin Kiyevə verilməsinə çağırır.
Ukraynanın bu israrlı çağırışları Avropanın bir sıra dairələrində ehtiyatla qarşılanıb. Bəzi liderlər narahatdırlar ki, bu silahın Ukraynaya verilməsi Qərb müttəfiqlərini birbaşa Rusiya ilə qarşı-qarşı qoya bilər.
Digər narahatlıqlar bununla bağlıdır ki, daha uzaqvuran bu raketlər Rusiya ərazisinə düşə və münaqişəni daha da qızışdıra bilər.
Conson “Bloomberg” televiziyasına deyib ki, MLRS Ukraynaya özünü Rusiyanın qəddar və ölümcül artilleriyasından qorumasına imkan verərdi.
Britaniya baş naziri deyib ki, Rusiya qoşunları Donbas regionunda çətinliklə irəliləsə də, yeni-yeni əraziləri ələ keçirir.
Ukrayna rəsmiləri narahatdırlar ki, belə bir şəraitdə Rusiya ilə hər hansı danışıqlara məcbur olmaq ölkə ərazilərinin itirilməsi ilə nəticələnə bilər.
Ukrayna prezidenti Vladimir Zelenski başda olmaqla ölkə rəhbərliyi bildirir ki, Rusiyaya bir qarış da ərazi güzəştə gedilməyəcək və Kiyev bu müharibədə sonadək vuruşacaq.
Mayın 27-də özünün ənənəvi gecə çıxışında Zelenski deyib: “Rusiya üzərinə təzyiqlərin artırılması sözün əsl mənasında həyatların xilas edilməsi məsələsidir. Ləngimənin hər yeni günü, zəiflik, təcavüzkarın “qılığına girmək” üçün aparılan müzakirə və verilən təkliflər öldürülən neçə-neçə ukraynalı deməkdir. Bu, qitəmizdəki hər bir kəs üçün təhlükə deməkdir”.
Boris Conson bildirib ki, Ukraynaya hərbi dəstək davam etdirilməlidir.
Buna baxmayaraq Conson Ukrayna dəniz limanlarının təmizlənməsində Britaniya donanmasından istifadəni istisna edib və deyib ki, London belə bir tədbirə yalnız müttəfiqləri ilə birlikdə qatıla bilər.
***
Ukrayna dünya taxılının əhəmiyyətli hissəsinin ixracatçısıdır, lakin hazırda Rusiyanın hərbi gəmiləri Ukraynanın dəniz limanlarını blokadaya alıb.
20 milyon tonadək taxılın anbarlarda qaldığı xəbər verilir. Rusiya dəniz blokadasının qaldırılması üçün onun üzərinə Ukraynaya hücuma görə qoyulmuş Qərb sanksiyalarının qaldılmasını tələb edir.
Dünyada ərzaq böhranının yaranmaması üçün ABŞ və başqa Qərb ölkələrinin üzərinə təzyiqlər artır.
Estoniya və Litva da daxil bir sıra ölkələr Ukrayna taxıl gəmilərinə hərbi gəmilərin eskortunun verilməsini təklif edirlər.
Bəzi məlumatlara görə taxılın limanlardan çıxarılıması üçün habelə Türkiyə Moskva və Kiyevlə danışıqlar aparır.
Boris Conson deyib ki, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla bu barədə “çox yaxşı söhbəti” olub.
Ukraynadan alınan bəzi xəbərlərə görə Kiyev hazırda MLRS sistemlərin verilməsi ilə bağlı Vaşinqtonla təmaslardadır və məsələ qarşıdan gələn günlərdə həll oluna bilər.
Bu da xəbər verilir ki, Ukrayna MLRS sistemlərindən ABŞ-ın istədiyi hüdudlarda istifadə edəcəyinə dair zəmanət verməyə hazırdır.