Vaxt.Az

Neft məsələsində kompromis olacaqmı?


 

Kəmərlə daşınan Rusiya neftini sanksiyalardan azad etməklə bağlı təklif mayın 29-da keçməyib

Neft məsələsində kompromis olacaqmı? Avropa İttifaqı (Aİ) diplomatları Rusiyadan neft idxalına sanksiyalarla bağlı kompromisə gəlməyə çalışırlar. Blok bu gün başlanan sammitində Rusiya təcavüzünə qarşı dayanan Ukraynaya dəstəyi gücləndirmək niyyətindədir.

Mayın 29-da kəmərlə daşınan Rusiya neftini sanksiyalardan azad etmək təklifi üzrə razılıq əldə olunmayıb, Macarıstanın buna qarşı çıxdığı bildirilir. Bundan sonra diplomatlar səylərini sammit öncəsi Aİ üzvləri arasında potensial fikir ayrılığını aradan qaldırmağa yönəldiblər.

***

Sammitin yekununa dair bəyanat layihəsinə görə, blokun 27 üzvü sanksiyaların növbəti raunduna razılaşırlar, Aİ-yə kəmərlə daşınan Rusiya nefti sanksiyalardan müvəqqəti azad edilir.

Rusiyadan 4 min km-lik Drujba kəmərilə neft alan Macarıstan, Slovakiya və Çex Respublikası indilik nefti almağa davam edəcək. Amma təchizata müəyyən məqamda sanksiya qoyula bilər.

Bəyanata görə, Aİ üzvləri ilin sonunadək dənizlə çatdırılan Rusiya neftini qadağan etmək üzrə daha böyük təklifə razılaşacaq. Sənəd üzv ölkələri “təchizatın qəfil kəsilməsi hallarında həmrəyliyə” çağırır.

Macarıstanın neft təchizatının 65 faizi Drujba kəmərilə gəlir. Bu ölkənin ilkin mərhələdə sanksiyalardan müvəqqəti azadolmaya açıq olduğu deyilirdi, sonradan əlavə güzəştlər tələb etməyə başladı.

Ukrayna Prezidenti Vladimir Zelenski Aİ sammitinə videoəlaqə ilə qoşularaq Rusiyaya cəza tədbirlərini gücləndirməyə çağıracaq.

***

Aİ-nin bəyanat layihəsində Rusiyanın Ukraynaya qarşı təcavüz aktı “qətiyyətlə pislənilir”, blok Rusiyanı “dinc sakinlərə və mülki infrastruktura fərq qoymadan hücumları dərhal dayandırmağa, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün ərazisindən qoşunlarını və hərbi avadanlığını dərhal və qeyd-şərtsiz çıxarmağa” çağırır.

Ukraynada törədildiyi bildirilən hərbi cinayətlərin araşdırılması üçün Kiyevlə birgə komandanın yaradılması alqışlanır. “Rusiya, Belarus, məsuliyyət daşıyanların hamısı hərəkətlərinə görə beynəlxalq hüquqa uyğun cavab verəcəklər”, – sənəddə vurğulanır.

Layihədə o da qeyd edilir ki, Avropa ittifaqı Ukraynaya 9 milyard avroyadək (9.7 milyard dollar) qrant ayırmağa hazırdır.

 





30.05.2022    çap et  çap et