Gözümüzün önünə tipik İK iclası gətirək. Məzmunu hamımız bilirik. Bu orqan qurumun əlahəddə qərarlarını qanuniləşdirənlərin yığıncağıdır. Format isə AFFA-nın nədənsə idman mediasında olmayan və başı bazar, alver işlərinə qarışan media əhli tərəfindən zəruriliyi anlaşılmayan, tələb edilməyən ƏSASNAMƏsində yazıldı. İndi gəlin, bu məzmun və forma məsələlərinə bir də fəlsəfə bucağından nəzər yetirək.
Məzmun
Məzmun məlum əşyanı və ya hadisəni təşkil edən elementlərin və proseslərin
məcmusudur.
El diliylə izahı belədir ki, Rövnəq Abdullayevin Azərbaycan futbolu ilə bağlı
beynində gəzdirdiyi, Elxan Məmmədov, Ramin Musayev və başqalarından ibarət
çevrəsinin məqsədləşdirdiyi planları qanuniləşdirməsi hadisəsi AFFA İK-nin
məzmunudur.
Forma
Forma məzmunun strukturu, quruluşudur,
həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır.
Yəni ki, məzmunu qəbuledilən edən nəsnəyə - məsələn, 84 illik futbol həyatının
bütün polemikalarına «Milan»a vurduğu qolları xatırlamaqla başlayan Ələkbər
Məmmədov və başqalarını əvvəlcədən
hazırlanmış, diktə edilmiş bəndlərə əl qaldırmağa yığmaq hadisəsinə forma
deyilir.
İctimai əsaslarla fəaliyyət göstərən təşkilatlar nə qədər demokratik idarə
prinsiplərini təbliğ etsələr də, belə şeyləri Azərbaycanda məzmun olaraq deyil,
forma olaraq icra edirlər.
Belə tədbirlərin legitimliyi üçün
formanı bərkitmək məcburdur. Tədbirin keçirildiyi binanın önünə FİFA və UEFA
bayrağı asmağın ən asan yolu Şenez Erzikə Bakı - Cenevrə - Bakı reysi
üzrə təyyarə bileti sifariş etməkdi. UEFA-nın 1-ci vitse-prezidenti, FİFA-nın
İcraiyyə Komitəsi üzvü masanın bir kənarında oturur və sən planladığın məzmuna
uyğun formanı tamamlayırsan. Qalır ağlına gələnləri, ağlına gətirilmiş olanları
sadalamaq. Zal alqışlamağa çoxdan hazırdı. Ələkbər Məmmədov «Milan»ın
qapısından keçirdiyi növbəti qolun xəyalına dalıb. Elxan Məmmədovun səsi eşidilir:
- Alekper Amirovic... Alekper Amirovic...
- Ya?
- Da, vi! Golosuyte pojalyusta..
- Aa, xoroşo. Ya za!
Beləliklə qanun qüvvəyə mindi. Növbəti toplantı üçün yeni dəyişikliklər ortaya
atılacaq. Bu, Berti Foqtsun yığmanın baş məşqçisi postunda qalıb-qalmaması
məsələsi də ola bilər... Necə ki, Abdullayev əvvəlcədən alman məşqçi ilə
yolları ayırmaq istəmədiyini büruzə verirdi və nəticə elə də oldu! İndi isə
AFFA prezidenti açıqca «Sumqayıt» qayğısından bəhs edir. Deməli, son qərarlar
da həmçinin eyni qəbildəndi. Ötən il sistemi və iştirakçı sayı dəyişdirilən
Premyer Liqaya yenə əl gəzdiriləcək.
Bənddə deyilir ki, bu barədə hələ
müzakirələr başlamalıdır. Ancaq qərar çoxdan verilib. Birdən-birə 16 komanda
perspektivindən danışmaq lap ağ olardı. Əvvəlcə 12 klublu yarışı gündəmə
gətirirsən. Sonra adamlar buna etiraz etməyə başlayırlar. Çünki zatən bu saylı
2 dövrəli, hətta «altılıq»lı sistemdən üz çevirmişdiniz. 12 komanda 4 dövrə
oynayacağı halda isə təqvim ilə-günə sığışmayacaq. Çıxış yolu? Nəhayət!
Cavabını əvvəlcədən bildiyin sualı yaratmış olursan.
- Alo, zdrastvuyte, Alekper Amirovic.
- Zavtra budet sobranie. 12:00. Budem jdat.
- Xoroşo.
***
Qanun çox mürəkkəb kateqoriyadır. Qanun haqqında danışarkən empirik və nəzəri qanunlar arasındakı fərqi göstərmək lazımdı. Əgər empirik qanunlar idrakın hissi-empirik (təcrübi) səviyyəsində formalaşır və hadisələri (təzahürləri) təmsil edirsə, nəzəri qanunlar obyektin mahiyyətinə nüfuz edən nəzəri səviyyədə fəaliyyət göstərirlər. AFFA-nın idarəçilik formatı, qanunçuluq strukturu ikinci tip, yəni nəzəri qanunlar silsiləsinə aid edilir. Nəticə bu olsa da, yekun, mahiyyət dəyişmir. O qanunlar qəbul olunur, qüvvəyə minir və idarə edir.
Fəlsəfə tarixində qanunların
mövcudluğunu ümumiyyətlə inkar edən filosoflar da az olmayıb. Məsələn, Devid
Yum hesab edirdi ki, bütün başqa adətlər kimi bizim qanuna inanmaq adətimiz də
tez-tez təkrarlamanın məhsuludur.
Məsələn, belə:
1. Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4
yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun.
Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək
(1994-cü il təvəllüdlü) olmalıdır;
Konkretləşdirilmiş və qəbul olunmuş qərardır. Son dönəmlər AFFA-ya ardıcıl
məşqçi dəvətləri, həmin məşqçilərin verdiyi açıqlamalar vasitəsi ilə
təkrarlandı, şüur altına yeridildi, bişirildi və qəbul edildi. Gəl ki, heç nəyi
dəyişdirməyəcək. Çünki əsas məsələ unudulub.
Bu 6+4+1 sisteminin əvvəlindəki rəqəm sürüşkəndi. Futbolu inkişaf etmiş
ölkələrdə legioner limiti dediyimiz zaman bir oyunda meydana çıxan əcnəbi sayı
deyil, transfer olunan əcnəbi sayı nəzərdə tutulur. İnkişaf da məhz ilk
baxışdan xırda görünən bu faktın altında yatır. Komandada 6 əcnəbi olacaqsa,
deməli, qalan futbolçular istər-istəməz yerli olacaq. Birincisi, klub həmin
əcnəbiləri məsuliyyətlə seçib almalıdır ki, onlar onun bütün yerli
oyunçularından güclü olsunlar və əsas heyətdə oynayıb komandaya xeyir
versinlər. İkincisi, daha vacibi isə, komandanın 6 futbolçu xaricindəki
futbolçuları hamısı yerli olacaq və klub yetişib-yetişib «çürüməkdə» olan
ehtiyat qüvvəsini işlədə biləcək.
«Belədə yerli futbolçuların qiyməti qalxacaq» bəhanəsi üçün tələsməyin...
***
Qanun haqqında belə fikir də var ki, «universal
(fəlsəfi) qanunlar» əslində heç də universal deyil, hər bir məhdud, dar
sahələrə də tətbiq edilə bilər.
Məsələn, belə:
...6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun.
Monitorinq şərti məsələdi. Monitorinqin
aparılma qaydalarında onun 8 fərqli növü var. Hamısını sadalayıb uzunçuluq
etməyək. Konkret İK-nin nəzərdə tutduğu monitorinq növü «Böhran əleyhinə
texnologiyalar barədə monitorinq» adlanır. Bu tip araşdırmanın ilk plan əmri «potensial
təhlükələrin siyahısını yaradın»dır!
Gəlin, o təhlükəni təxmini tapmağa
çalışaq.
Klublarda oynayan 23 yaşlı futbolçunun dəyərindən çox pul alması onu
məsuliyyətsizləşdirir, ölkə xaricinə çıxmamasına səbəb olur, böhran yaradır.
Böhran, təkcə onun çox pul qazanıb burada qalması, legioner həyatından imtina
etməsi, inkişaf etməməsi deyil. Faciə həm də odu ki, 23 yaşına çatmadan yaxşı
pullar alan və misal üçün, «Bakı» klubunu tərk etməyən futbolçu o komandanın
bazasında yetişmiş, oynamağa hazır olan 20 yaşlı həmkarı üçün də maneədi.
Təhlükələri sıralamırıq. Ümumi mətndən birdən çox potensial təhlükə tapmaq
olar. Lakin AFFA İK 23 yaş həddi qoymaqla əslində bu monitorinqin də, tədbirin
də, müzakirəyə çıxarılan bəndin də keyfiyyətini xarab edib.
Bəli, 23 yaşına çatmamış və ya çatmış
futbolçunun həddindən çox pul alması təhlükədir. O bu pulu almasa, təhlükə
sovuçacaqmı? Xeyr. Ona görə ki, o, 23 yaşını çoxdan keçib. İllik məvacibi 200
min manatın üstündə olan 23 yaşın üstündəki futbolçular necə olacaq? Onların
futbolçu dəyəri qətiyyən bu məbləğin üzərində deyil axı. Deməli, potensial təhlükə
qalır və təklif olunan tədbir lap ən yüksək səviyyədə icra olunsa belə,
qalacaq.
Deməli, hadisələr arasındakı hər cür əlaqə qanun deyildir. Qanun mahiyyət
xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərəkətində mahiyyət
cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anlayışlardır.
***
AFFA İK hər halda heç vaxt misal üçün,
Əfran İsmayılovun illik məvacibini aşağı salma ehtimalı, bu kimi futbolçuların
layiq olduğu balansda maliyyələşdirilməsi reallığı haqda ciddi düşünə bilməyib.
Çünki Kazbek Tuayev, Ələkbər Məmmədov kimiləri o çözümü tapacaq kreativdə
üzvlər deyillər. Eyni ilə klub rəsmiləri isə - lap elə jurnalistə «50
manatlıq» sayan gənc klub prezidenti Anar Bəkirov olsun – buna sadəcə, ehtiyac
duymurlar. Adamların idarəsində atalarından miras qalmayan bir vəsait
var.
Süni bahalaşma, azərbaycanlı futbolçuya «dəvə yüküylə pul» təklifi Mübariz
Mənsimovla başlamışdı, Hafiz Məmmədovla davam edir...
Çıxış yolu isə əlbəttə var.
Təbii, əvvəlcə rauf əliyevləri, əfran ismayılovları, kamran ağayevləri gözdən çıxarmaq lazımdı. Bu tədbir zatən onların ölkədən getməsinə hesablanıbsa, nədən qorxursunuz?!
Klubların öhdəliyi:
- Azərbaycanlı
futbolçu üçün maksimum illik məvacib 200 min manat müəyyən edilsin;
- Bu məbləğin 15 faizdən yuxarı hissəsi futbolçuya nağd
ödənməsin;
- Futbolçu ilə bağlanan müqavilədə futbolçunun alacağı tam
şəkildə qeyd edilsin (vergidən yayınmaq üçün kiçik rəqəmlər yazılmasın);
PFL-in öhdəliyi:
- Yerli futbolçuya 200
min manatdan artıq illik məvacib verilməyəcəyinə dair klublardan rəsmi öhdəlik
sənədi alınsın;
- Peşəkar futbolçularla bağlanan əmək müqaviləsi formatı
təkmilləşdirilsin;
- Peşəkar futbolçunun əmək müqaviləsində futbolçunun alacağı
illik məbləğin tam göstərilməsi üçün tələb qoyulsun;
Nəzarət sistemi
- AFFA-nın müvafiq
qolunun təşəbbüsü ilə futbolçuların klubları ilə bağladıqları əmək müqavilələri
ciddi vergi audit nəzarətinə götürülsün;
- Yerli futbolçuların ödəmələrinin ümumi bank sistemi ilə
aparılması layihələşdirilsin və tətbiq olunsun;
- Pozuntuların aşkarlanması üzrə müşahidə komitəsi yaradılsın;
Cəza
- Pozuntuya yol
verdiyi aşkarlanan klub və futbolçular üçün pul cərimələri və cərimələrin
ödənmə şərtləri, ödənməmə ehtimalına görə cəzalar müəyyən edilsin;
- Pozuntuya yol verən kluba müddətli transfer qadağası
(dönəmlik, mövsümlük) qoyulsun.
***
Bunlar təbii, ilk düşüncə məhsulu olan tədbirlər planıdır. Boşluqlarını tapıb sevinməyin. Fikir, qayə bu olsa, niyyət xoş olsa, yuxarıda göstərildiyi kimi, bu məsələni elə «bərkitmək» olar ki, heç bir «sızıntı» baş verməz. Gəl ki, Ələkbər Məmmədovun «Milan» yuxusundan ayılması daha gecdir...