Vaxt.Az

Danimarka da mövqeyini sərtləşdirir


 

Kopenhagen 30 illik təmkinli siyasətini dəyişə bilər

Danimarka da mövqeyini sərtləşdirir Danimarkada seçicilər iyunun 1-də ölkələrinin Avropa İttifaqının müdafiə siyasətinə qoşulub-qoşulmamasına dair referendumda səs verəcəklər. “Reuters” yazır ki, Rusiyanın Ukraynaya hücumu Danimarkanın 30 illik təmkinli siyasətini dəyişə bilər.

Danimarka Avropa İttifaqının Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinə qoşulmayan yeganə ittifaq üzvüdür.

Bu ölkə 1993-cü ildə Maastrixt sazişini imzalayarkən müdafiə və milli valyuta məsələsində müstəqlliyini saxlayıb.

“Reuters” yazır ki, əgər ənənəvi olaraq Avropa İttifaqına skeptik baxan danımarkalılar bu referndumda vahid Avropa müdafiə sisteminə qoşulmaq qərarına səs versələr, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropada daha bir əsaslı dəyişiklik baş verəcək.

Ekspertlər danimarkalıların vahid Avropa müdafiə sisteminə səs verəcəklərini gözləyirlər.

***

May ayında İsveç və Finlandiya NATO-ya üzv olmaq qərarına gəliblər. Eyni zamanda Almaniya və Danimarka hərbi xərcləri kəskin artırmaq niyyətindədirlər.

Danimarkada hakim Sosial Demokrat Partiyasının müdafiə məsələləri üzrə sözçüsü Mogens Yensen deyib: "NATO, əlbəttə bizim ən mühüm alətimiz olaraq qalacaq, lakin Avropa İttifaqı şərq istiqamətindən müdafiəmiz üçün bizə daha bir alət verəcək”.

Danimarka NATO-nun təsisçi ölkələrindən biridir, lakin alyansın ən böyük üzvü olan ABŞ işarə edib ki, avropalılar öz müdafiələri üçün üzərlərinə daha böyük məsuliyyət götürməli olacaqlar.

Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinə üzvlük Danimarkaya Aİ-nin birgə hərbi təlimlərində, habelə Somali, Mali və Bosniya kimi əməliyyatlarda iştirak imkanı verəcək.

***

Kopenhagen Universiteti Hərbi Tədqiqatlar Mərkəzinin eksperti Kristian Sobi Kristensen “Reuters” agentliyinə deyib ki, danımarkalıların referendumun sualına müsbət cavab verməsi Brüssel üçün böyük uğur sayıla bilərdi.

Bu da xəbər verilir ki, Danimarka parlamentində böyük əksəriyyət Aİ daxilində istisnaların ləğvinə tərəfdardır.

Danimarkada 1993-cü il referendumu milli valyutanın saxlanması, 2015-ci il referendumu isə ədliyyə və daxili işlər nazirliklərinin Aİ-yə tabeçilikdən istisna edilməsi nəticəsi vermişdi.

Bu gün (iyunun 1-də) keçirilən referendumda bu istisnalar aradan qaldırıla bilər.

İlkin rəy sorğuları göstərir ki, seçicilərin 48 faizi bu tədbirin lehinə, 31 faizi əleyhinə səs verə bilər.

“Reuters” yazır ki, Aİ superordu yaratmaq məqsədi qoymayıb, lakin blok 5 min hərbçidən ibarət çevik reaksiya qüvvəsinin təşkili barədə qərar qəbul edib.

 





01.06.2022    çap et  çap et