Vaxt.Az

«Heç bir hakim cəzasız qalmır»


 

«Tədbir görüləcək, bu, birmənalıdır»

«Heç bir hakim cəzasız qalmır» Topaz Premyer Liqasının XXIV turunun «Neftçi» – «Qarabağ» matçında kobud səhvlərə yol vermiş hakimlər briqadası barədə tədbir görüləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasının işinə komitədə baxılacaq. Lakin o, cəza müddətini açıqlamayıb: «Tədbir görüləcək. Bu, birmənalıdır. Hakimlər Komitəsinin nizam-intizam kodeksi var. Hakim səhvlərinə həmin kodeksdəki maddələrə uyğun hüquqi qiymət verilir. Oyunun nəticəsinə təsir edən səhvə daha ağır, qırmızı vərəqə göstərməyibsə, nisbətən yüngül cəza verilir. Yəni, buraxılan səhvlərin kateqoriyalarına uyğun cəzalar verilir. Ona görə də kodeksdə nə göstərilibsə, o cəza da veriləcək. Heç bir hakim cəzadan yan keçmir. Kimin səhvi varsa, o, mütləq cəzalandırılır».

AFFA İntizam Komitəsinin martın 4-də çıxardığı qərarda göstərilib ki, «Neftçi»nin futbolçusu Araz Abdullayevə «Qarabağ»la matçın 62-ci dəqiqəsində verilmiş qırmızı vərəqə ləğv olunsun, Hakimlər Komitəsi isə Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası barədə lazımi ölçü götürərək, İntizam Komitəsini məlumatlandırsın. Məmmədov bunun göstəriş kimi dəyərləndirilməsi ilə razılaşmayıb: «Bizə göstəriş verilməyib, sadəcə, diqqətimizə çatdırılıb ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadasının işinə baxılsın. İntizam Komitəsi hakimliyin işinə qərar verə bilməz. Hakimlər Komitəsinə müraciət edib ki, bu oyundakı idarəçiliyə qiymət verilsin.

Qeyd edək ki, «Qarabağ»ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda hakimlər briqadası bir neçə kobud səhvə yol verib. Araz Abdullayevə göstərilmiş qırmızı vərəqə «Neftçi»nin narazılığından sonra ləğv edilib. (Lent.az)

 





10.03.2014    çap et  çap et