Bununla belə alimin fikrincə pandemiyanın qurtarıb-qurtarmaması çox çətin sualdır: “Çünki biz hələ müəyyən vaxt keçənədək pandemiyanın sona çatıb-çatmadığını bilməyəcəyik. Gözləntilər belədir ki, sonunda xəstəlik endemik fazasına keçəcək. Bu o deməkdir ki, əhalinin immuniteti virusun reproduktivliyinə üstün gələcək. Bundan sonra ilbəil yoluxmaların sayı sabit qalmalıdır...”
Məqalədə deyilir ki, pandemiyanın sonunun nə vaxt çatacağının müəyyənləşdirilməsində iki böyük naməlum faktor var. Birincisi, bizim immunluğumuzun hansı müddətdə qalacağıdır. İkincisi isə Sars-CoV-2 virusunun immunitet müdafiəsinə münasibətdə təkamülünü nə vaxt başa çatdıracağıdır.
Professorun fikrincə bu suallara cavab tapmaq üçün biz keçmiş dərslərimizə nəzər salmalıyıq.
***
Məqalədə deyilir ki, koronavirusun ən çox tüğyan etdiyi 2020-ci il idi. Virus məhz həmin dövrdə çox sayda yoluxma və ölümlərə səbəb olmuşdu. Lakin xoşbəxtlikdən Sars-CoV-2 virusunun təkamülünün sürəti başqa RNT virusları ilə müqayisədə az oldu.
Professor qeyd edir ki, biz 2021-ci ildə daha çox COVID-19-un yeni variantları ilə üzləşdik. Alfa variantı çox sürətlə virusun ilkin ştammını əvəzlədi, bu isə yoluxma və ölümlərin artmasına, karantin tədbirlərinin tətbiqinə səbəb oldu.
Alfa variantının yoluxuluculuğu ilkin variantdan 50 faiz yüksək idi. Beta və Qamma variantları virusa bəzi hallarda immun sistemdən yayınmaq imkanı verirdi. Lakin sonradan peyda olan Delta variantı Alfadan da 50 faiz daha yoluxucu idi.
Nəhayət 2021-ci ilin sonlarına yaxın Omikron variantı üzə çıxdı. Omikron bundan əvvəl keçirilmiş xəstəlik və vaksinlərin yaratdığı immunitetdən asanlıqla yan keçə bilirdi. Əslində Omikron “xəstələndin-immunitet qazandın” mifini yox etdi. Yəni indi virusa təkrar-təkrar yoluxmaq mümkün idi. Virus 2022-ci ildə də hələki özünü belə aparır.
***
Professor yazır ki, biz qarşıdakı təkrar yoluxmaların nə dərəcədə ağır olacağını hələ bilmirik.
Alim ehtimal edir ki, yoluxmalar orta hesabla azalacaq. Buna baxmayaraq virus hələ də təkamül edib dəyişməkdədir, insanların immuniteti isə tədricən solub itir:
“Biz böyük bir ehtimalla immunitetimizin daha da zəifləyəcəyini və təkrar vaksinasiyalara ehtiyac olduğunu müşahidə edəcəyik. Bu isə tədqiqatların davam etdirilməsini tələb edir. Biz vaksinlərin erkən uğuruna rahatca arxayın ola bilmərik”.
Məqalədə deyilir ki, pandemiyanın sona yaxınlaşdığını və endemik fazaya keçdiyini nəzəri cəhətdən bilmək olar. Lakin daha az aydın olanı COVİD-19-un özünü endemik fazada necə aparacağıdır.
Alimin fikrincə bir neçə suallar açıq qalır: “İndilik biz hər il yoluxmaların yeni-yeni dalğaları, onların gətirdiyi əhəmiyyətli xəstəlik və ölüm yükü ilə üzləşirik. Endemiklik yoluxmaların bir neçə dalğası iləmi başlanacaq? Omikron kimi immun sistemimizdən yayınan variantlar çoxmu qarşıya çıxacaq?”
Aris Katzurakisin fikrincə pandemiya bu il qurtarmayacaq, lakin dünya boyunca yüksək vaksinasiya dərəcəsinə malik ölkələrdə pandemiyanın sonunun necə olacağının işartıları görünə bilər. Başqa sözlərlə infeksiyalar zamanı daha az ölümcül və daha yüngül yoluxmalar müşahidə oluna bilər.